Vahid Məhərrəmov: «Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalına görə potensialı Rusiya bazarında sanballı yer tutmağa imkan vermir»
“Rossiya 1” telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlayıb. Trend-in məlumatına görə, jurnalist Əzəmət Salihovun hazırladığı veriliş avqustun 17-də “Rossiya 1” telekanalı vasitəsilə nümayiş etdirilib.
Müəllif təqribən 5 dəqiqəlik verilişi bu sözlərlə başlayır: “Pomidor, şaftalı, gavalı, həmçinin onlarla meyvə və tərəvəzin necə yetişdirildiyini görmək üçün Azərbaycan rayonuna yola düşürük. Burada şaftalını çox qədim zamanlardan yetişdirirlər, plantasiyalar isə minlərlə hektar ərazini əhatə edir. Buradan Bakıya məsafə çox olsa da, Rusiya sərhədinə cəmi 20 kilometr məsafə var. Buna görə də yerli kəndlilər artıq yeni perspektivli bazarın mənimsənilməsinə hazırlaşırlar və hətta şaftalının tədarük edilməsi üçün rus dilində məhsul növünün və istehsalçının nömrəsinin qeyd edildiyi yeni qablaşdırma hazırlayıblar”.
Verilişdə kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə müsahibə, eləcə də Qafqaz Konserv Zavodundan reportaj yer alıb.
Amma cərəyan edən proseslərdə maraqlı məqam ondan ibarətdir ki, öz daxili tələbatlarını ödəmək iqtidarında olmayan Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməsi ölkəmiz üçün hansı fəsadları yarada bilər?
Ekspertlər bundan başqa Rusiyaya qarşı tətbiq olunan sanksiyaların fonunda bir məqamı da diqqətə çatdırırlar. Rusiya iqtisadiyyatına olan təzyiqlər Azərbaycana da təsirsiz ötüşməyəcək.
Çünki Rusiya Azərbaycan üçün orada yaşayan həmyerlilərimizin göndərdikləri vəsaitlərin həcmi baxımından əhəmiyyətlidir. Faktiki Rusiyadan göndərilən vəsaitlərin həcmi bir milyard dollardır. Göndərilən vəsaitlər daha çox regionların payına düşür. Proqnozlarımız göstərir ki, bölgələrdə remitenslə dolanan ailələr Rusiya iqtisadiyyatında baş verənlərdən itirəcəklər. 2014-cü ildə rəsmi olaraq Rusiyadan Azərbaycana göndərilən vəsait 20 faiz – 200 milyon dollar həcmində azalacaq.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, bu gün Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalına görə potensialı Rusiya bazarında sanballı yer tutmağa imkan vermir. Bu il Azərbaycanda yalnız pomidor istehsalında cüzi artımın müşahidə olunduğunu deyən V.Məhərrəmov vurğuladı ki, artıq məhsulun meydana gəlməsi daha çox alıcılıq qabiliyyətinin aşağı düşməsiylə bağlıdır: «Keçən ilin sonunda dizel yanacağının və benzinin qiymətinin qalxması kəndlinin xərclərini artırdı. Bir sıra xərclərin artması da kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb oldu. Nəticədə əhalinin ümumi alıcılıq qabiliyyəti aşağı düşdü. Kənd təsərrüfatı məhsullarının aylarla yığılıb anbarlarda qalması, alıcıya yetişməməsinin fonunda Rusiya bazarının açılması bir şansdır. Amma bu məhsulun həcmi bir o qədər də çox deyil. Nəticədə bazarda ajiotaj yarandı və bu da dərhal bazarda qiymətlərə təsir etdi. Bu ajiotaj bəzi məhsulların qiymətini 50 faiz, bəzilərinin isə dəyərini iki dəfədən çox artırdı. Əslində bazarda məhsul qıtlığı yox idi. Amma ölkədə istehsal olunan məhsulun Rusiya bazarına gedəcəyi informasiyası bazarda ajiotaj yaratdı».
V.Məhərrəmov hesab edir ki, Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının istehsalında ciddi problem var. Bu il quraqlıq olmasına baxmayaraq, suvarmadan düzgün istifadə olunmadığından məhsuldarlıq aşağı düşdü. «Azərbaycanın Rusiya bazarına kənd təsərrüfatı məhsulları idxalı çox cüzidir. İl ərzində Azərbaycan Rusiya bazarına təxminən 200 milyon dollarlıq meyvə və tərəvəz göndərir. Bu da Rusiyanın il ərzində 46 milyardlıq idxalının fonunda çox cüzidir», deyə V.Məhərrəmov vurğulayıb.
V.Məhərrəmov hesab edir ki, bəzi ekspertlərin proqnozlaşdırdığı kimi Rusiyadan Azərbaycana maliyyə axınında azalma yox, artma baş verə bilər. Çünki nəzərə almaq lazıdır ki, Azərbaycandan Rusiyaya gedən kənd təsərrüfatı məhsullarını azərbaycanlılar realizə edr və satır. Bu da həmyerlilərimizin gəlirini artırır. Avropadan idxal olunan kənd təsərrüfatı mallarının reallizəsi ilə məşğul olan soydaşlarımız da işsiz qalmayacaq. Çünki Rusiyanın kənd təsərrüfatına olan tələbatı başqa ölkələr vasitəsilə ödəniləcək və nəticədə bu şəxslər də fəaliyyətlə məşğul olacaqlar.
Xəyal