Həsən Ruhani «Araz Azad Ticarət və Sənaye Zonasının» yaradılması ilə bağlı göstəriş verib
Ekspertlərə görə, İranın bu proyektinin uğur qazanacağı az inandırıcıdır
İran mətbuatının yaydığı məlumata görə, İranın dövlət başçısı Həsən Ruhani «Araz Azad Ticarət və Sənaye Zonasının» yaradılması ilə bağlı göstəriş verib. Burada İranda fəaliyyət göstərəcək xarici şirkətlərə torpaq sahəsi ayrılacaq. İranın Şərqi Azərbaycan vilayətində reallaşacaq proyektə Azərbaycanın, blokodada olan Naxçıvanın və Ermənistanın cəlb edilməsi nəzərdə tutulub. Ekspertlər hesab edir ki, bu addım keçmiş sovet ölkələri üçün cəlbedici ola bilər.
Bəs İranın bu cür təşəbbüsünə Azərbaycan necə reaksiya verməlidir? Çünki Türkiyənin Ermənistanla ən cüzi danışığını belə qıqanclıqla qarşılayan Azərbaycanın İranın təkliflərinə «hə» deməsi Yerevanla əlaqələrin bərpası deməkdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, «Araz Azad Ticarət Zonası» heç şübhəsiz İranın maraqlarına cavab verir.
Amma ekspertlər İranın bu proyektinin uğur qazanacağının az inandırıcı olduğunu düşünür. Regionda geniş miqyaslı iqtisadi zona yaratmağın yalnız İrandan asılı olmadığı nəzərə alınmalıdır. Qərbin İranın bu təşəbbüsünə hansı reaksiya verəcəyi məlum deyil. Yalnız Qərbin razılığı alınandan sonra İran bu layihəyə Azəırbaycan və Ermənistanı cəlb edə bilər. Belə bir proyektin Azərbaycanın maraqlarına nə dərəcədə cavab verməsi də düşündürücü məsələdir. Azərbaycanın isə proyektdə aktiv iştirak etməməsi, onun səmərəliliyini aşağı salır. Çünki Ermənistan elə bir güclü iqtisadiyyata sahib deyil.
Xəyal