TQDK-nın ballarına müdaxilə imkanları mümkündürmü?

Osman Gündüz: «Informasiya sistemlərinə girişlə bağlı nəzarət ciddi tənzimlənməsə bu, baş verə bilər»

Informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərman Abdullayev bildirmişdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) abituriyentlərin topladığı ballara müdaxilə etmək mümkündür. 2008-ci ilə qədər TQDK-da imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayevin sözlərinə görə, TQDK-da informasiya texnologiyaları sistemində təhlükəsizliyin və şəffaflığın tam təminatı mümkünsüzdür.

Multimedia Informasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz də bu fikirlərlə həmrəydir. O, Teleqraf.com-a açıqlamasında deyib ki, informasiya texnologiyaları sisteminə müdaxilədə insan faktoru rol oynaya bilər. Belə neqativ halların qarşısını almaq üçün yeni standartların işlənməsinə ehtiyac var: “Biri var sistemə kənardan müdaxilə, biri də var daxildən.  Bildiyim qədər TQDK-da informasiya sistemləri kifayət qədər mühafizə altındadır. Ona görə düşünmürəm ki, kənardan bura hansısa müdaxilə mümkün olsun. Amma daxildən informasiyanın təhlükəsizliyi, informasiyanın sızması qaydalarına düzgün əməl olunmasa, informasiya sistemlərinə girişlə bağlı nəzarət ciddi tənzimlənməsə bu, baş verə bilər.  Məsələn, TQDK əməkdaşının giriş icazəsinin bəlli bir standart tələbinə uyğunluğu təmin olunmalıdır. Informasiya sistemlərində belə bir prosedur var ki, orda istənilən girişin izi qalır. Bunlara nəzarət tam qaydasındadırsa, sistemə hansısa kobud müdaxilə mümkünsüzdür. Qeyd etdiyim kimi istənilən müdaxilənin hökmən izi qalır. Amma ola bilər, sistemə giriş imkanı olan şəxslərin, məsələn, sədrin, yaxud digər səlahiyyətlinin razılığı əsasında hansısa proses baş versin. Əgər orada ciddi adminstrativ nəzarət yoxdursa, dəyişiklik aparmaq çətin deyil. Istənilən informasiya sistemində belə neqativ hal ola bilər. Dünyada informasiya sistemlərinə müdaxilə, xüsusən banklarda, dövlət qurumlarında 40 faiz bu prosesin daxilində olan şəxslərin iştirakı ilə baş verir. Kənardan hücumlar da burada xüsusi rol oynaya bilər ki, burada da insan amili öndədir”.  

Bir neçə il öncə bir qrup TQDK əməkdaşının müdaxiləsi ilə müəyyən neqativ hallar baş vermiş və bu barədə ölçü götürülmüşdü. Osman Gündüzün sözlərinə görə, həmin hadisə informasiya sistemlərinə aid olmayıb: “Bu, oradakı off-line münasibətlərə aid məsələ idi. Mən hesab edirəm ki, elementar informasiya təhlükəsizliyi qaydalarını yönləndirmə və insan amili ilə bağlı məsələlərə ictimai nəzarət yetərincə təmin olunsa, hansısa müdaxilədən söhbət gedə bilməz”.  

Fərman Abdullayevin irəli sürdüyü məsələ ilə tanış olduğunu deyən ekspert informasiya təhlükəsizliyi üçün müəyyən tədbirlərin görülməsini vacib hesab edir: “Mən həmin yazı ilə tanışam. Düşünürəm ki, həqiqətən də TQDK-da informasiya sistemləri qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır. Bu, nəinki lazımdır, həm də vacibdir. TQDK-dakı informasiya sistemləri dövlət informasiya sistemlərinin reyestrinə inteqrasiya olunmalı və qeydiyyatdan keçməlidir. Bu, qanunvericiliyin tələbidir.  Təkcə TQDK deyil, bütün dövlət informasiya sistemləri vahid reyestrə inteqrasiya olunmalıdır. TQDK-da da informasiya sistemlərinin də yenilənməsinə ehtiyac var. Düşünürəm ki, baş verə biləcək neqativ halların aradan qaldırılması üçün informasiya sisteminə daxil olan bütün xidmətlərin hamısının reqlamenti hazırlanmalı və  elektron hökumət portalına yüklənməlidir. Burada müstəqil ekspertlərin ictimai nəzarət imkanlarının reallaşdırılması yaxşı olardı və bu şəffaflığın tam təminatına zəmanət verərdi”.