Rəsmi Bakı Dağıstan prezidenti ilə üz-üzə gəlmək istəmir

Rafiq Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti Dərbənd administrasiyasının rəhbəri Qurban Qurbanovu müdafiə etməyəcək

“Abdulatipovun arxasında Rusiya hökuməti dayanır. Və o, bu məsələni təkbaşına həll etmir. Ona tapşırılıq verilib ki, məsələni həll etsin və o, axıra qədər getməlidir”. Xəbər verildiyi kimi Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd administrasiyasının rəhbəri, Dağıstanın nüfuzlu azəbaycanlı klanının rəhbəri Qurban Qurbanovun istefaya göndərilməsi barədə qərar verib. 40 ildən çoxdur ki, Dərbəndi idarə edən qurbanovlar klanının rəhbəri bu qərara tabe olmaq istəmir və tərəfdarlarını etiraz aksiyalarına çıxarıb.

Dağıstan hüquq-mühafizə orqanları isə ona qarşı təzyiqlərə başlayıb və Dərbənd administrasiyasında yoxlamalar aparılır. Qurban Qurbanov könüllü istefaya razılaşmasa, onun və yaxın adamlarının həbsi istisna deyil. Dağıstan KIV-lərinin yazdığına görə, Qurban Qurbanov deyir ki, o, Azərbaycan prezidentinin qohumudur və onun işdən çıxarılması Azərbaycanla Dağıstanın münasibətlərini korlayacaq.

Virtualaz.org saytı xəbər verir ki, Dağıstanın nüfuzlu azərbaycanlı klanının lideri ətrafında baş verən və Azərbaycanda da diqqətlə izlənilən proseslərlə bağlı “Kavkazskaya Politika” portalı Azərbaycanın Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri, professor Rafiq Əliyevdən müsahibə alıb. Müsahibəni təqdim edirik:

– Doğrudur ki, Qurban Qurbanov Azərbaycan prezidentinin ailəsinə yaxındır? Yoxsa bu şayiədir?

– Hesab etmirəm ki, Qurbanovlar ailəsinin Azərbaycan prezidenti ilə hansısa ciddi münasibətləri var. Lakin fakt budur ki, Qurbanov azərbaycanlıdır və uzun müddətdir orada işləyir, Azərbaycanla yaxşı əlaqələri, o cümlədən biznes əlaqələri var. Lakin onun Azərbaycan prezidenti ilə yaxın qohumluq əlaqələri mövcud deyil.

– Ailəvi əlaqələri olmasa da, ola bilsin biznes əlaqələri var… 

– Azərbaycanın biznes əlaqələri əsasən neft sektoru ilə bağlıdır. Dağıstanla isə biznesin başqa formaları üzrə əlaqələr var. Kənd təsərrüfatı məhsulları, balıqçılıq və s. Prezidentin ailəsi bu bizneslə məşğul deyil.

– Bəs belə demək olarmı ki, 41 il ərzində, yəni Qurbanovların hakimiyyətdə olduğu dövrdə Dərbənd Bakının nəzarətində olub? 

 – Mən “Qafqaz evi”nin məsləhət şurasının sədri idim və 4 il ərzində Dağıstanda yaşayıb-işləyənlərlə çox sıx əlaqələrdə olduq. Əlbəttə, biz böyük ölçüdə maraqlıyıq ki, Dağıstan ləzgiləri bizim sərhədyanı rayonlarımızın işlərinə qarışmasınlar. Məhz buna görə yaxşı insani münasibətlər bizə lazımdır. Ona görə də biz müəyyən güzəştlərə gedə bilərik ki, bu məsələ gündəmə gəlməsin”.

– Yəni, Qurbanov bu funksiyanı yerinə yetirirdi?

– Qurbanov Dərbəndin rəhbəri idi və təbii ki, onsuz heç nə baş vermirdi. O, bizə çox yaxşı münasibət göstərirdi, dəfələrlə bizdə qonaq olub, biz onlarda qonaq olmuşuq. Yəni Qurbanovla münasibətlər yaxşı olub.

– Necə hesab edirsiniz, niyə məhz indi Dağıstan rəhbəri Ramazan Abdulatipov onu əvəzləməyə qərar verdi?

– Əsl səbəbləri biz bilmirik. Mən Ramazan Abdulatipovu tanıyıram, o, çox prinsipial adamdır və praqmatik siyasətçidir. Və o, Dərbənddə ata Qurbanov tərəfindən qurulmuş və indi onun oğlu tərəfindən davam etdirilən piramidanı sökməyə qərar verə bilərdi. 40 il ərzində Qurbanovlar onlara yaxın olan adamlardan ibarət idarəetmə şəbəkəsi qurublar. Bu, Abdulatipovu qane etməyə bilər. Çünki o, təkcə respublikanı yox, şəhərləri də idarə etmək istəyir. Bu baxımdan mən Abdulatipovu Dərbənd rəhbərliyini dəyişmək qərarını düzgün hesab edirəm. Mən də onun yerinə olsam, belə edərdim.

– Bəs rəsmi Bakı Qurbanovu müdafiə edəcək?

– Yox.

– Azərbaycan situasiyaya heç məhəl qoymayacaq?

– Biz məhəl qoyacağıq, ancaq qarışmayacağıq. Mən bilirəm ki, rəhbərlik bu məsələyə loyal yanaşır və Dağıstanda rayonların rəhbərləri ilə bağlı qəbul edilən qərarların heç birinə qarışmayacaq. Hətta fikir bildirməyəcək.

– Bax, bu tam aydın deyil. Prinsipcə Bakıya sərfəlidir ki, Qurbanov Dərbəndi idarə etsin. Xüsusən də o, Azərbaycan üçün mühüm olan bəzi vəzifələri həll edirdi. Doğrudanmı Bakı bu mexanizmin itirilməsinə razılaşacaq?

– Bakının razılaşmaması münasibətləri korlamaqdan başqa heç  nəyə yaramayacaq.

– Qurbanov istefaya göndərilməsi ilə razı deyil. Abdulatipovla Qurbanovun arasında qarşıdurma nə dərəcədə uzağa gedə bilər?

– Mən hesab etmirəm ki, bu məsələ uzağa gedə və hansısa ciddi münaqişəyə səbəb ola bilər. Abdulatipovun arxasında Rusiya hökuməti dayanır. Və o, bu məsələni təkbaşına həll etmir. Ona tapşırılıq verilib ki, məsələni həll etsin və o, axıra qədər getməlidir. Qurbanov heç nə edə bilməz. O, emosiyalara qapılır, hesab edir ki, mitinqlə hansısa məsələni həll etmək olar. Lakin mərkəzi hakimiyyətə qarşı getmək sadəcə olaraq ağılsızlıqdır. Bir halda ki qərar verilib, onu vəzifədən kənarlaşdırırlar, deməli, geriyə yol yoxdur. Əks halda Abdulatipovun avtoriteti dərhal 50 faiz aşağı düşəcək. Ona görə də o, istənilən halda bu qərarı reallaşdıracaq. Qurbanov qərarı sakitcə qarşılayıb getməlidir.