Deputat oğlundan 2 mln oğurluq kredit kartı nömrəsi tapılıb

ABŞ-ın Məxfi Xidməti Rusiya Dövlət Dumasının deputatı Gennadi Seleznyovun oğlunun noutbukundan 2 milyondan çox oğurluq kredit kartı nömrəsi aşkar edib.

Virtualaz.org saytı xəbər verir ki, kibercinayətkarlıqda ittiham olunan Roman Seleznyov məhkəməyə qədər həbsdə qalacaq. Avqustun 15-də Sietl məhkəməsi onun 1 milyon dollar müqabilində zaminə buraxılmasına dair vəsatəti rədd edib.

R.Seleznyov bu il iyulun 5-də Maldiv respublikasının paytaxtı Male şəhərinin beynəlxalq aeroportunda ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən həbs olunaraq Quam adalarına aparılıb. Məlum olub ki, deputatın oğluna qarşı ABŞ xüsusi xidmət orqanları hələ 2011-ci ildə kibercinayətkarlıq və kredit kartlarının nömrələrinin oğurlanması yolu ilə milyonlarla dollar vəsaitin ələ keçirilməsi ittihamları üzrə cinayət işi qaldırıb.

Məxfi şəkildə aparılan istintaq çərçivəsində ABŞ xüsusi xidmət orqanları R.Seleznyovu izləyib və Maldiv adalarında yaxalayıb.

R.Seleznyovun vəkili məhkəmədə onun zaminə buraxılması barədə vəsatət qaldırsa da prokurorlar deputatın oğlunun buraxılmasın qarşı çıxıblar. Məhkəmə dinləmələrində prokurorlar bildiriblər ki, R.Seleznyovun həbsi zamanı ondan götürülən noutbukda 2 milyon 100 min oğurluq kredit kartı nömrəsi aşkar edilib.

Həmçinin prokurorlar bildiriblər ki, 2011-ci ildə qaldırılan cinayət işi barədə R.Seleznyova məlumat verilməsə də deputatın haker oğlu həbs təhlükəsindən ehtiyat edirmiş.

“Kompüterin kriminalistik analizi göstərib ki, həbsindən bir neçə gün əvvəl Seleznyov ABŞ federal məhkəmələrinin məlumat bazasında axtarış apararaq öz adını, yaxud onlayn psevdonimlərini federal məhkəmələrin baxdıqları işlərin içərisində axtarıb” – deyə prokurorluq bildirir.

R.Seleznyov həbsindən sonra bir aya yaxın Quam adalarında saxlanılıb, oradan Vaşinqton ştatına aparılıb və orada ona kredit kartlarının oğurluğu və alveri üzrə ittiham elan edilib.

R.Seleznyov 29 cinayət epizodu üzrə ittiham edilir. Bura bank fırıldaqçılığı, qorunan kompüterlərə qəsdən zərər vurma, məxfi informasiyaların ələ keçirilməsi və fərdi məlumatların oğurlanması da daxildir.