Saxta diplomlar və satılan məktəb əraziləri

Təhsil naziri Mikayıl Cabbarov təhsildəki problemlərdən bəhs edən geniş müsahibə verib. “Azərbaycan müəllimi” qəzetində müsahibədə nazir bildirib ki, bəzi müəllimlər məktəbdə işləmək üçün uyğun deyillər. Çünki heç də çətin olmayan bir qiymətləndirmədə onlar 40 maksimum baldan 50 faizini belə toplaya bilməyiblər. 

M.Cabbarov saxta diplomlar faktına da toxunub. Onun sözlərinə görə, təxminən bir neçə min saxta diplom satılıb. “Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində olanlar da var idi. Səhv etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır”.

Nazir saxta diplom alan müəllimlərin bəzilərinin fəaliyyətlərini davam etdirdiyini də qeyd edib: “Onlar hələ də işlərinə davam edirlər. Birincisi, qanunu pozmuş olsalar da, 2000 “saxta müəllim”in işdən qovulması eyni sayda işçinin birdən işdən azad edilməsidir. İkincisi, 2000 müəllimin təhsil prosesindən çıxarılmasıdır ki, bu vəziyyətdə onları dərhal əvəz etmək mümkün deyil. Onların çoxu kənd məktəblərində çalışır. Nəhayət, onların arasında yalanın qurbanı olan, tələbə olduqlarına ürəkdən inanaraq dərslərdə, imtahan sessiyalarında iştirak edən, adlarına xüsusi olaraq jurnal açılan, qeydlər olan şəxslər də var. Bununla yanaşı, onların bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstərmişlər. Dərhal olmasa da, təhsil sistemini belə hallardan təmizləmə prosesi olacaq. Demək olar ki, artıq bu proses başlamışdır”.

Nazir zəbt olunan məktəb ərazilərində də söz açıb: “Onlarla təhsil müəssisəsinin ərazisi zəbt olunmuşdu. Hazırda həmin obyekt və ərazilər yenidən təhsil müəssisələrinin tabeliyinə qaytarılmışdır. Eləcə də külli miqdarda oğurlanmış tədris vəsaitləri yerinə bərpa edilmişdir. Belə desək, 10 kompüter olmalı olduğu halda, yerində heç biri yox idi”.