Bakıda şadlıq evində güclü partlayış: yaralılar var

Yaralılardan birinin vəziyyəti kritikdir 

Bu gün Nizami rayonu ərazisindəki “Sultan” şadlıq evində baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, partlayış nəticəsində yaralanan şəxslər 1962-ci il təvəllüdlü Əhmədov Əlif Əli oğlu və 1993-cü ildə anadan olmuş Comərdov Tural Telman oğludur. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Əhmədovun vəziyyəti kritik qiymətləndirilir.

 Qeyd edək ki, partlayış nəticəsində yaralanan şəxslər həmin şadlıq evində təmir işi ilə məşğul olan ustalardır.

  *****

 Bu gün partlayış baş verən Bakının Nizami rayonu ərazisindəki şadlıq evinin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən olay B.Çobanzadə küçəsi 23 ünvanındakı “Sultan” şadlıq evində qeydə alınıb.

  ****

 Bu gün Bakı şəhərində yerləşən şadlıq evlərindən birində güclü partlayış olub. Lent.az-n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb. Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.