Ekspertlər hesab edir ki, Azərbaycanın suverenliyinə təhlükə yarandığından bu təklifdən imtina edilməməlidir
Bir müddət əvvəl ABŞ Rusiya aqressiyasının qarşısını almaq məqsədilə Konqresdə mühüm bir qərar qəbul etmişdi. Söhbət Azərbaycan da daxil olmaqla bir sıra postsovet ölkələri ilə hərbi əməkdaşlıqda yeni mərhələyə keçiddən gedir. ABŞ Konqresində qəbul olunan qanun layihəsinin adı “Rusiya təcavüzünə qarşı əks təsirlər” (Russian Aggression Prevention Act of 2014) idi.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Senatın onu təsdiqləməsi gərəkdir. Qanun layihəsində ABŞ Silahlı Qüvvələri Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Herseqovina, Kosova, Makedoniya, Serbiya ölkələrinin Silahlı Qüvvələri ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Layihədə birgə hərbi təlimlərin keçirilməsi də qeyd olunub.
Qanun layihəsinə əsasən, ABŞ və NATO yuxarıda qeyd olunan ölkələrdə təhlükəsizliyin təmin edilməsi üçün kömək etməlidir.
Bundan başqa ABŞ dövlət katibi Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Bosniya və Herseqovina, Kosova, Makedoniya, Serbiya ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə etməlidir.
Yayılan məlumatlara görə, Soçi görüşü ərəfəsində regionda vəziyyətin Rusiyanın atdığı addımlar üzündən gərginləşdiyini görən Ağ Ev Azərbaycan qarşısında yeni təkliflə çıxış edib. Təklif qanun layihəsində əksini tapan məsələlərin tez bir zamanda reallaşmasından ibarət olub. Amma Azərbaycan Rusiyanın sərt reaksiyasından və Soçi görüşünün mahiyyətini nəzərə alaraq ABŞ-dan gələn təklifi rədd edib. Səbəb isə görünür Amerikanın hakimiyyət qarşısında irəli sürdüyü demokratik islahatlarla bağlı tələbi olub.
Bəs, Azərbaycanın milli maraqları ABŞ-dan ola biləcək bu təklifə hansı cavabın verilməsini tələb edir?
Ekspertlər hesab edir ki, Azərbaycan ABŞ-dan təhlükəsizlik çətirinin təmini ilə bağlı təklifə razılıq verməlidir. Çünki hazırda regionumuzda baş verən proseslər, Rusiyanın yürütdüyü aqressiv xarici siyasət kursu Azərbaycanın suverenliyini təhlükə altına alır. Ukraynada baş verən proseslər onu göstərdi ki, Rusiyaya başqa bir dövlətə aqressiya etmək üçün elə bir ciddi əsas lazım deyil. Ona görə Soçi görüşü ərəfəsində Rusiyanın ssenarisi üzrə atəşkəsin ciddi şəkildə pozulması birmənalı dəyərləndirilməməlidir. Rusiyanın Kremlə yaxın politoloqları özləri dəfələrlə bəyan ediblər ki, Qarabağda hərbi əməliyyatların başlamasından sonra münaqişənin kimin günahı ucbatından aktiv fazaya keçməsini təyin etmək çətin olacaq. Ona görə yaranmış şərtlər daxilində ABŞ Konqressində qəbul olunan layihədən çıxış edərək irəli sürülən təkliflər Azərbaycanın maraqlarına uyğurdur. Ən azı onu nəzərə almaq lazımdır ki, ABŞ-dan gələn təkliflə Rusiyanın Gömrük Ittifaqı təklifi arasında ciddi fərq var. Rusiyanın Gömrük Ittifaqına üzvlük Azərbaycanın müstəqilliyini təhlükə altına alırsa, Amerikanın təhlükəsizlik çətiri müqabilində istədiyi yalnız ölkədə normal hüquqi dövlətin qurulması ola bilər. Bu isə dövlətin maraqlarına uyğun olsa da, hakimiyyətin maraqları ilə dabandabana ziddir.
Amma baş verənlərdə Qərb bir məqamı da nəzərə almalıdır. ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığını dərinləşdirməsi Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Ona görə ABŞ Rusiyanın mümkün cavab addımlarını qarşılaması üçün Azərbaycana ilk dəstəyini nümayiş etdirməyə hazır olmalıdır.
Xəyal