Saxta vətənpərvərlik şousu

Qarabağ qazilərini intihar həddinə çatdıran hakimiyyətin «vətən dərdi»

Bir qayda olaraq ölkədə vəziyyət gərginləşəndə, daxildə etirazlar güclənəndə, atəşkəs pozulanda hakimiyyətin “vətənpərvər”lik hissi baş qaldırır. Ümumiyyətlə, mövcud hakimiyyət son 21 ildə vətənpərvərlik anlayışını da alver predmetinə çevirib, bayağılaşdırıb. Təsadüfi deyil ki, cəmiyyətdə heç bir nüfuzu olmayan siyasətçidən tutmuş, müğənniyə qədər hər kəs vətənpərvərlikdən danışır. Yəni bu anlayış heç vaxt vətən uğrunda mübarizə aparmayanların və bu anlayışı dərk etməyənlərin “sialh”ına çevrilib.

Son günlər atəşkəsin pozulması nəticəsində onlarla əsgərimiz şəhid oldu. Bu məqamda telekanallarda müharibə filmləri göstərildi, deputatlar “qisasımız ağır olacaq” tipli açıqlamalar verdi, hökumətyönlü mətbuat isə, “lazım gəlsə ordumuz Irəvanı da alacaq” şüarına kökləndi. 

Bəs, bu 3-4 günlük müharibə ab-havasından sonra nəyi müşahidə etdik?

Onu müşahidə etdik ki, Ermənistan və Azərbaycan prezidentləri Putinin vasitəçiliyi ilə görüşüb, sambo yarışına baxdılar, meyvə yedilər və “danışıqlar davam edəcək” mesajı ilə geri qayıtdılar. Yəni nə şəhid əsgərimizin qisasının alınacağı, nə də Qarabağın geri qaytarılacağı ilə bağlı heç nə hiss olunmadı.

Hakimiyyətin vətənpərvərliklə bağlı təbliğatının yalan və qeyri-səmimi olması təkcə bununla da yekunlaşmır. Son dövrlər Azərbaycanda intihar edənlərin əksəriyyəti Qarabağ qaziləridi.

Əvvəlcə Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı və məlum oldu ki, bu intihara səbəb məmur özbaşınalığı olub. Ancaq, hökumət bu məsələnin dərinliyinə getmədi və müəyyən miqdarda pul xərcləməklə bu məsələni bağlamağa çalışdı.

Daha sonra Sumqayıtda haqsızlığa etiraz edən Qarabağ qazisi dəlixanaya salındı və səsi boğuldu. Ötən gün isə Qarabağ müharibəsi veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırdılar. 

Qarabağ qazilərinin aclıq aksiyası keçirməsinin, ağzını tikməsinin də şahidi olmuşuq.  Yəni “bizim Qarabağ kimi dərdimiz var” şüarı ilə bütün cinayətlərinə haqq qazandıran hakimiyyət, əslində Qarabağ qazilərini ən ağır dərdə düçar edib.

Yuxarıda sadaladığımız faktlar bir daha sübut edir ki, hakimiyyətin “vətənpərvərlik”, “Qarabağ dərdi” kimi ifadələrdən qidalanması insanları aldatmaq və öz çirkin niyyətlərini həyata keçirmək üçündür. Qarabağ qazilərini intihara sürükləyən bir hakimiyyətin vətənpərvərlikdən danışmağa heç bir haqqı yoxdur.

Əslində, bu hakimiyyətin siyasəti “vətənpərəvərlik” anlayışını qətlə yetirməkdən ibarət olub.

Qarabağ qazisinə əlillik dərəcəsi pulla verilirsə, onlarla gəncin şəhid olduğu vaxtda televiziyalardan musiqi sədası kəsilmirsə, əsgər ölümlərinə etiraz edən gənclər qondarma ittihamlarla həbs olunursa, bütün bunlar hakimiyyətin vətənpərvərlik hissinin hansı səviyyədə olduğunun sübutu deyilmi?

Bugünə qədər hakimiyyətin bütün yalanları ifşa olunub.  Vətənpərvərlik adı altında saxta şouların düzənlənməsi də həmçinin. Yaxşı olar ki, hakimiyyət ilk növbədə Qarabağ qazilərinin intiharına çarə tapsın, müharibədə əlil olanların ehtiyacını ödəsin, sonra xalqa vətənpərvərlik dərsi keçərlər.

Onlarla əsgərin şəhid olmasından sonra Qarabağ münaqişəsinin baiskarı olan Rusiyanın himayəsinə sığınmaq isə,  vətənpərvərlik imtahanından kəsilmək idi.

Akif