Vəfa Quluzadə: «Rusiya növbəti görüşə cəhd edərsə, əsas müzakirə Qərbin enerji proyektlərində Azərbaycanın iştirakına yolverməmək olacaq»
Rusiya tez bir zamanda Azərbaycan və Ermənistan prezidentləri Ilham Əliyevlə Serj Sərkisyanın görüşünün ikinci raundunu təşkil edəcək. Çünki Moskvaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində çox şeyə nail olmaq vacibdir.
Modern.az xəbər verir ki, bunu Britaniyanın Müstəqil araşdırmalar və münaqişələrin analizi mərkəzinin direktoru Kristofer Lenqton avqustun 10-da Soçidə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının iştirakı ilə Soçidəki danışıqlarının bir ciddi nəticəsi olub – danışıqların bundan sonra da davam etdirilməsi ilə bağlı razılığa gəlinib.
Onun fikrincə, cəbhə bölgəsində atəşkəs rejiminin intensiv pozulması da azalacaq.
Maraqlıdır ki, hələ Soçi görüşünün keçirilməsi barədə ilkin məlumatlar yayılan zaman hakimiyyət təmsilçiləri nəticəsiz görüşlərdə iştirak etmək niyyətlərində olmadıqlarını bəyan edirdilər. Amma daha sonra Azərbaycanın dövlət başçısı Putinin təşəbbüsü ilə keçirilən Soçi görüşünə qatıldı.
Amma o məqama da diqqət yetirmək yerinə düşər ki, Soçi kimi görüşlərdə əsas müzakirə mövzusunun bir qayda olaraq mətbuatdan gizlədildiyi yaxşı məlumdur.
Digər tərəfdən hakimiyyət təmsilçilərinin fərqli təbliğat aparmalarına rəğmən Soçi görüşünün uğursuzluqlarını gizlətmək mümkün deyil. Eyni zamanda bu görüşdən dərhal sonra Amerikalı həmsədr Ceyms Uorlikin Rusiyanı hədələyən bəyanatı da unudulmamalıdır. Qərb diplomatları artıq dəfələrlə münaqişənin ATƏT-in Minsk Qrupundan kənar həlli variantının ciddi uğur vəd etmədiyini bildiriblər.
Amma politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın təşəbbüsü ilə yeni bir görüşün keçiriləcəyinə ümidi azdır. V.Quluzadənin sözlərinə görə, Rusiya mətbuatının təhlili onu deməyə əsas verir ki, Kreml Qarabağ münaqişəsinin yenidən hərbi fazaya keçməsində maraqlıdır. Amma burada Rusiyanın əsas məqsədi Azərbaycanı baş verənlərdə günahkar göstərərək, regionda iri bir müharibə ocağı yaratmaqdır: “Rusiya Qarabağda ciddi müharibə ocağı yaratmaqla dünya birliyinin diqqətini regiona cəlb etmək istəyir. Çünki Qarabağda hərbi əməliyyatların aktiv fazaya keçməsi dünya birliyini məcbur edəcək ki, Putindən müharibəyə son qoymasını xahiş etsin. Amma bu zaman artıq Putin Qarabağda münaqişənin dayandırılmasının müqabilində Ukraynada bir sıra ciddi güzəştlər tələb edəcək”.
Hazırda bir sıra rus siyasətçilərinin Azərbaycana qarşı “görünməmiş” məhəbbət nümayiş etdirməsinin təsadüfi olmadığını deyən V.Quluzadə hesab edir ki, istər Jirinovski, istərsə də Züqanovun açıqlamaları təsadüfi xarakter daşımır: “Kremlə çox yaxın olan politoloq Heydər Camal bəyan edir ki, Azərbaycanın torpaqlarını qaytarmaq üçün gözəl məqamdır. Onun fikrincə, Azərbaycan ildırım sürətli müharibə ilə hər şeyə nail ola bilər. Bütün bunlar göstərir ki, Putinin əsas məqsədi bizi müharibəyə sürükləmək idi. Amma bu niyyət baş tutmadı”.
Hazırda Qərbin enerji təhülkəsizliyini nəzərə alaraq Azərbaycan və Türkmənistanla ciddi danışıqlar aparmasının Rusiyanı narahat etdiyini deyən V.Quluzadə vurğuladı ki, əgər Rusiya münaqişə tərəfləri ilə birgə növbəti görüşə cəhd edərsə, burada əsas müzakirə mövzusu məhz Qərbin enerji proyektlərində Azərbaycanın iştirakına yolverməmək olacaq: “Amma Rusiyanın uğursuz bir görüşdən sonra növbəti bir görüşə imza atmağa çalışacağı inandırıcı deyil. Rusiyanın istəyi Azərbaycanı Avrasiya Ittifaqına cəlb etməkdir”.
Xəyal