Ali məktəblərə tələbə qəbulu başa çatar-çatmaz təhsil haqqı məsələsi gündəmə gəlib. Təhsil haqlarının minimum və maksimum həddinə nəzər salanda insanın gözü qarşısında öncə Azərbaycan vətəndaşının maddi durumu canlanır. Orta aylıq əməkhaqqının 440 manat olmasının fonunda təhsil ödənişinin 1000-4500 manat olması məsələnin nə qədər ciddi olduğunu sübut edir. Əcaba, bu qədər maaş alan insan təhsil haqqının ilkin minimum həddini necə ödəməlidir?! Yüksək təhsil haqları vətəndaşın cibinə nə qədər adekvatdır?
Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, normal və sivil ölkələrdə tətbiq edilən sistem Azərbaycanda hələ də yoxdur. Normal dövlətlər tələbələrə burçlar, yəni, maliyyə dəstəyi formasında əl tutursa, məsələ özü-özünə həll olunur. Elə yaxın qonşu dövlətlər olan Türkiyə və Gürcüstanda belə, sözügedən sistem artıq çoxdan oturuşub:
“Təhsil haqqını necə ödəmək orada artıq müzakirə mövzusu deyil. Əsas məsələ – bilikli, bacarıqlı və qabiliyyətli tələbələrin təhsil alması üçün şəraitin yaradılması barədə müzakirələr gedir. Yaxşı oxuyan tələbənin təhsil haqqı nə qədər çox olsa belə, müxtəlif orqanlar bu ödənişi edərək gələcəkdə özünə təhsilli mütəxəssis qazanmağa çalışır. Nə qədər ki, belə bir sistem Azərbaycanda oturuşmayacaq, müzakirə edəcəyimiz əsas məsələ də təhsil haqqının orta aylıq əməkhaqqıya adekvat olub-olmayacağı olacaq”.
Natiq Cəfərli qeyd edir ki, hazırda ölkə vətəndaşının orta aylıq əməkhaqqısı təhsil haqqına adekvat deyil. Ölkədə əməkhaqqının minimum və maksimum təhsil haqqıyla uzlaşmaması normal deyil. Qonşu ölkələrlə müqayisədə də, bizdə təhsil haqları çox yüksəkdir: “Ukraynada təhsil haqqı bizdəkindən üç dəfə ucuzdur. Gürcüstanda da belədir. Bu qədər yuxarı olmasıyla bahəm, təhsilin keyfiyyəti çox aşağıdır. Azərbaycanda təhsil ocaqları yalnız diplom verir. Bu kimi məsələlər həll olunmalıdır. Keyfiyyətli təhsilə necə nail olmaq və tələbənin təhsil alması üçün hansı sistemdən yararlanması məsələsi əsas meyar olmalıdır”.
Nigar