3 ton heroin məsələsinə isə aydınlıq gətirilmir
Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq “heroin əməliyyatı” ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, 28 iyul – 8 avqust 2014-cü il tarixlərində Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş Idarəsi əməkdaşlarının həyəta keçirdikləri tədbirlər çərçivəsində Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstana gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsində heroin aşkar edilib. 116 ədəd politelin bükümdə olan heroinin ümumi çəkisi 69 kiloqram 610 qram təşkil edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Iş üzrə Türkiyə vətəndaşı şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumatda deyilir ki, hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Maraqlıdır ki, bu əməliyyatla bağlı Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq operativ tədbirlər görüb, bu barədə məlumat yaysalar da, Azərbaycandan keçən 3 ton heroin məsələsinə heç bir aydınlıq gətirilmir. Söhbət Gürcüstanın Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycandan gələrək Türkiyəyə gedən yük maşınında 3 ton maye heroinin aşkar olunması ilə bağlı əməliyyatdan gedir. Necə olur ki, Dövlət Gömrük Komitəsi hansısa maşının qoşqusunun döşəməsinin altında 69 kiloqram narkotik maddəni aşkar edə bilir, amma 3 ton heroin bu qurumun və digər cavabdeh orqanların gözündən yayınır? Bu sualın cavabı hələ də açıq qalır.