Vəfa Quluzadədən sensasion açıqlama

«Rusiya çirkli pullarının Azərbaycan bankları vasitəsilə yuyulmasını tələb edəcək»

Məhəmməd Talıblı: «Rusiya Azərbaycanı Gömrük İttifaqına qata bilməsə də, ölkəmizdən heç olmasa çirkli pullarını yumaq üçün istifadə edə bilər»

Soçi görüşünün nəticələri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Ən əsas məqam kimi isə Rusiyanın üzləşdiyi iqtisadi duruma yönəldilir. Yəni Soçidə bağlı qapılar arxasında keçirilən müzakirələrdə Rusiya Azərbaycandan iqtisadi sahədə əlaqələrin daha da genişlənməsini təklif edə bilərdi.

Bu baxımdan politoloq Vəfa Quluzadə Soçi görüşünün nəticələrini şərh edərkən belə düşünür ki, Rusiya sanksiyaların altında çöküb, ona görə də onun Bakı ilə əməkdaşlığa böyük ehtiyacı var. Bu baxımdan Rusiya Azərbaycanın maliyyə sahəsindəki geniş imkanlarından yararlana bilər. “Investisiya, rus bankları ilə əməkdaşlıq, eləcə də Rusiyanın çirkli pullarının Azərbaycan bankları vasitəsilə yuyulmasını tələb edəcəklər. Bax, bu cür məsələlərdə Rusiya Bakı ilə əməkdaşlıq etmək istəyir”, deyə V.Quluzadə vurğulayıb. 

Maraqlıdır, Rusiyanın üzləşdiyi iqtisadi problemləri çözmək üçün Azərbaycandan istifadə etməsi nə dərəcədə mümkündür? Rusiyanın çirkli pullarının Azərbaycanda yuyulması baş verə bilərmi?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Rusiyanın əməkdaşlıq etdiyi ölkələrlə iqtisadi baxımdan münasibətlərini dərinləşdirməsi normal haldır. Amma burada daha çox diqqəti Rusiyanın maraqlarına cavab verən iqtisadi birliklərin formalaşmasına yönəltməyin tərəfdarı olan M.Talıblı bildirdi ki, Rusiya hazırda üzləşdiyi durumdan çıxış yolu kimi ölkədəki çirkli pulların yuyulmasını nəzərdən keçirə bilər: “Ermənistan Gömrük Ittifaqında yer almaqla bağlı razılığını verib. Azərbaycan isə hələlik bu məsələ ilə bağlı konkret mövqe sərgiləməyib. Azərbaycan Rusiyanın bu istiqamətdəki təklifinə nə ”hə”, nə “yox” deyib. Ona görə Soçi sammitinin bir məqsədi də Azərbaycanı Gömrük Ittifaqına cəlb etmək ola bilər. Yəni Azərbaycanın ən ümdə problemi olan Qarabağın məhz ölkəmizin Gömrük Ittifaqına üzvlüklə çözülə biləcəyi vədi verilə bilər. Belə bir fərziyə də irəli sürmək olar ki, Rusiya Azərbaycanı Gömrük Ittifaqına qata bilməsə də heç olmasa Azərbaycanla əməkdaşlığı dərinləşdirə bilər. Bu tip əməkdaşlıqdan biri də çirkli pulların yuyulması sayıla bilər”.

M.Talıblı hesab edir ki, Rusiyanın çirkli pullarının yuyulmamasının gündəmə gəlməsi Qərbin bu dövlətə qarşı yönəlik sanksiyalarının təsirli olması ilə bağlıdır. Çünki sanksiyaların 3-cü mərhələsi daha çox Rusiyanın maliyyə sektorunu əhatə edəcək. “Qərbin sanksiyalarını tormozlamaq üçün Rusiya ölkədəki çirkli pulların yuyulmasından da istifadə edə bilər. Soçi görüşündə bu məsələnin müzakirə predmeti olması istisna edilməməlidir”, deyə M.Talıblı vurğuladı.

Xəyal