Əliyevlə Yaqlandın razılaşması nə vəd edir?

2005-ci ildə yaradılan və 2008-ci ilədək fəaliyyət göstərən Işçi Qrup yenidən bərpa edilir

Xədicə Ismayıl: «Bu, hökumətin prosesi həyata keçirmək üçün reallaşdırmaq istədiyi plandır»

Mətbuatda yayılan məlumata görə, Avropa Şurasının baş katibi TorbyornÿYaqlandÿsiyasi məhbus probleminin həlli ilə bağlı təşəbbüslə çıxış edib. Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə əlaqə saxlayan Yaqland bu istiqamətdə müəyyən razılığa gəlib.

Razılıq isə bundan ibarət olub ki, 2005-ci il iyunun 11-də yaradılan və 2008-ci ilədək fəaliyyət göstərən Işçi Qrup yenidən yığılsın və siyasi məhbus məsələsini öyrənsin. Xatırladaq ki, həmin qrupun tərkibi belə idi. Həmin qrupa hakimiyyət nümayəndələrindən Fuad Ələsgərov,Kəmalə Ismayılova,Otari Qvaladze,Çingiz Əsgərov,Tahir Tağızadə,Vafəddin Ibayev,deputatlardan: Səməd Seyidov,Gültəkin Hacıyeva,Bəxtiyar Əliyev, Əli Hüseynov,hüquq müdafiəçiləri adından:Novella Cəfəroğlu,Səadət Bənənyarlı,Səidə Qocamanlı,Çingiz Qənizadə,Sahib Məmmədov,Eldar Zeynalov,Zəlihə Tahirova,Murad Sadəddinov, Rəna Sadəddinova,Arzu Abdullayeva daxil idi.

Bəs, Işçi Qrupunun budəfəki fəaliyyətindən nə gözləmək olar? Yarandıqdan sonra ciddi tənqidlərə məruz qalan Işçi Qrupu siyasi məhbus probleminin həllində bir o qədər ciddi irəliləyiş əldə edə bilməmişdi. Bu təsisatın yenidən bərpası nə vəd edir? 

“Azadlıq radiosu”nun əməkdaşı Xədicə Ismayıl hesab edir ki, Işçi Qrupunun hüquq müdafiəçilərindən ibarət tərkibi dəyişməzsə, bu istiqamətdə yeni bir şey gözləməyə dəyməz: “Həmin tərkibdə hüquq müdafiəçisi adına yeganə uyğun gələ bilən Arzu Abdullayeva qalıb. Onun da səhhəti son zamanlar tədbirlərdə iştirak etməyə imkan vermir. Digər bir hüquq müdafiəçisi Eldar Zeynalovun isə son zamanlar fəaliyyəti mənə bəlli deyil. Ona görə mən bilmirəm Işçi Qrupunun yenidən bərpası hansı nəticə doğura bilər. Amma siyahıda yerdə qalan digər hüquq müdafiəçiləri yalnız indiyə kimi Avropa Şurasına gedən hesabatların qarşısını almaqla məşğul olublar. Ona görə indi onların siyasi məhbuslarla bağlı real hesabatın meydana çıxmasına necə yardımçı olacaqları mənə qaranlıq görünür. Işçi Qrupunun yenidən fəallaşacağı barədə xəbər əslində yeni deyil. Işçi Qrupunun bərpa olunacağı anonsunu Səidə Qocamanlı hələ iyulun 4-ü vermişdi. Yəni bu, əvvəlcədən planlaşdırılan və hökumətin bu prosesi həyata keçirmək üçün reallaşdırmaq istədiyi plandır”.

Hikmət