«Bank of Azerbaican» kredit verilişini də dayandırıb
Son günlər mətbuatda bir müddət əvvəl rəhbərliyi dəyişdirilən “Bank of Azerbaican”nın kredit öhdəliklərinin digər banka ötrüldüyünə dair məlumatlar yer almaqdadır. Yəni vətəndaşlar kredit borclarını bu bankın ödəniş terminallarına deyil, başqa bankın terminallarına ödəyir.
“Bank of Azerbaican”dan Publika.az-a bu barədə verilən açıqlamada bankın öz funksiyalarını icra etdiyi bildirilib: “Bütün filiallarımız, ödəniş terminallarımız fəaliyyətini davam etdirir. Sadəcə, Teymur Əliyev küçəsində yerləşən filial bağlanaraq baş ofisə köçürülüb”.
Məlum oldu ki, bankda depozit yerləşdirilməsi mümkün olsa da, kredit verilişi tamamilə dayandırılıb.
Uzun müddətdir mətbuatda “Bank of Azerbaican”nın “Baghlan Group”un prezidenti, iş adamı Hafiz Məmmədovdan alınması ilə bağlı xəbərlər yayılsa da, maliyyə qurumunun 1 milyard dollara yaxın xarici və daxili borcunun olması kimsənin ona sahib çıxmamasına gətirib çıxarıb. “Bank of Azerbaican”nın yenilənən rəsmi internet ünvanında səhmdarların tərkibi dəyişməz saxlanılıb. Sadəcə, səhm paketinin həcmində müəyyən dəyişikliklər aparılıb. Məsələn, əvvəl bankın səhmdar kapitalının 42,97 faizinə sahib Hafiz Məmmədov artıq 43,63%, 42,97 faizə sahib Sənan Məmmədov (Hafiz oğlu) 43,63%, 13,31 faizə sahib Mübariz Məmmədov (Məcid oğlu) 12,07 faizə, “NEM” Holdinq isə köhnədən olduğu kimi 0,74% faiz paya malikdir.
Bankın baş ofisi də “Garant Holding”in binasından “Baghlan Group”un binasına köç edib.
Əvvəllər bankın səhmdar kapitalının 81 faizinə sahib “Garant Holding”in prezidenti Anar Məmmədov payını satdıqdan sonra da “Bank of Azerbaican”n holdingin binasında fəaliyyətini davam etdirirdi.