intiqamaliyev2

İntiqam Əliyev məhkəmədə hakimlərə meydan oxudu

Hüquq müdafiəçisinin həbsilə bağlı iş Avropa Məhkəməsinə göndərilir

«Freedom House»: «Bu həbs hakimiyyətin ölkədə vətəndaş cəmiyyətini məhv etməkdə qərarlı olduğunu göstərir»

«Əgər beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə məsuliyyətini xatırlatmasa, Əliyev Avropa Şurasını istehza obyektinə çevirəcək»

Dünən Bakı Apellyasiya Məhkəməsindəÿhakim Əmir Bayramovun sədrliyilə Nəsimi rayon məhkəməsinin avqustun 8-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev barəsində çıxardığı həbs qərarının dəyişdirilməsinə dair şikayətə baxılıb. Əvvəlcədən gözlənildiyi kimi, Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisinin şikayətini təmin etməyib.

Elə Intiqam Əliyev özü də məhkəmədə çıxışının əvvəlində vurğulayıb ki, dəfələrlə sifarişli qərarlar çıxarmış hakimlərdən ədalətli nəticə gözləmir. Siyasi sifariş nəticəsində həbs olunduğunu bəyan edən hüquq müdafiəçisi bunun səbəblərindən biri kimi, Avropa Məhkəməsinə göndərilən şikayətləri göstərib. Qeyd edib ki, hökumət onu həbs etməklə, Strasburqa göndərilən şikayətlərin qarşısını almaq, həmçinin artıq qəbuledilən sayılmış şikayətlərin siyahıdan çıxarılmasına nail olmaq istəyir.

Intiqam Əliyev məhkəmədə müdafiə mövqeyi tutmayıb, əksinə, hakimlərin özlərini ittiham edib.

“Dəyərli vəkil dostlarımdan fərqli olaraq, sizdən habsimin dəyişdirilməsini xahiş etmək fikrim yoxdur. Çünki sizdən ədalətli qərar gözləmirəm. Bu məhkəmələr övladlarımızın, o cümlədən sizlərin övladlarının dinc şəraitdə orduda öldürülməsinə etiraz etdiklərinə görə ölkənin ən işıqlı gənclərinə – Zaura, Rəşadətə, Rəşada, Ilkinə və digərlərinə sifarişlə 7-8 il iş kəsən məhkəmələrdir. Bu məhkəmələr jurnalistlərin, din xadimlərinin, gənc fəalların cibinə narkotik atanların tələbilə ölkənin ən işıqlı insanlarını – Mövsüm Səmədovu, Cabbar Savalanlını, Əbdül Əbilovu, Ömər Məmmədovu həbsə atan məhkəmələrdir. Bu məhkəmələr deputat yerlərini 1 milyona satanları vasitəçilik edənlara qısa müddətdən sonra həbsdən buraxan, amma həmin seçkiləri saxtalaşdıranları ifşa edən, saxtakarlıqları qeydə alıb dünyaya yayan Anar Məmmədlini, Bəşir Süleymanlını uzunmüddətli həbsə atan məhkəmələrdir. Bu məhkəmələr adi bir yol hərəkəti qəzasına görə ölkənin ən dəyərli hüquqçularından, vəkillərindən birinə adam öldürəndən ağır cəza kəsən məhkəmələrdir. Bu məhkəmələr, həmin insanları siyasi məhbus saydığına, onların səsini Avropa Şurasından, digər nüfuzlu beynəlxalq təşkilatların tribunasından səsləndirdiyinə görə Azərbaycanın satqın mediası, QHT-ləri tərəfindən ”erməni agenti” damğası ilə cinayət məsuliyyətinə cəlb edilən Leyla Yunusu həbs edən məhkəmələrdir. Bu məhkəmələr “Eurovision” mahnı müsabiqəsi dövründə “Insan haqları naminə oxu” kampaniyasını təşkil etdiyinə görə Rəsul Cəfərovu həbsxanaya göndərən, ölkənin ən nüfuzlu təşkilatlarının saxta ittihamlarla qapadılmasına qərar verən məhkəmələrdir.

Hakimiyyət elə bilirdi ki, Intiqam Əliyevi və əqidə yoldaşlarını həbs etdirməklə insanları susdura biləcək. Bu həbslərlə bizləri susdura bilməzsiniz!”, – deyə Intiqam Əliyev bəyan edib.

Intiqam Əliyevin vəkili Anar Qasımlı “Azadlıq”a açıqlamasında bildirib ki, hüquq müdafiəçisinin həbsilə bağlı qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Xatırladaq ki, Intiqam Əliyev avqustun 8-də həbs edilib. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət Intiqam Əliyevin həbsinin səbəbinin hüquq-müdafiə sahəsindəki fəaliyyətilə bağlı olduğunu bəyan edib. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.

Bu arada, “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı da Intiqam Əliyevin həbsilə bağlı bəyanat yayıb.

“Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən biri olan Intiqam Əliyevin həbsi bu ölkədə hakimiyyətin vətəndaş cəmiyyətini məhv etməkdə qərarlı olduğunu göstərir”, – deyə təşkilatın Avrasiya üzrə proqramlar rəhbəri Syuzan Korke bildirib.

Bəyanatda yada salınır ki, Intiqam Əliyevin həbsi Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov barəsində ilkin istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsindən dərhal sonraya, həmçinin Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynovun dindirməyə çağırıldığı və barəsində saxlanma qərarı çıxarıldığı vaxta təsadüf edir: “Azərbaycan hakimiyyəti ondan narazı olanları, etiraz edənləri susdurmaq üçün onların ölkədən çıxışına qadağa qoyur, bank hesablarını dondurur, həbs edir. Əgər beynəlxalq ictimaiyyət bütün bu baş verənləri açıq şəkildə pisləməsə, Azərbaycan hökumətinə beynəlxalq öhdəliklərin məsuliyyətini xatırlatmasa, bu halda, prezident Ilham Əliyev dünyadakı insan haqları institutlarını, o cümlədən Azərbaycanın hazırda sədrlik etdiyi Avropa Şurasını istehza obyektinə çevirəcək”.

Bəyanatda o da vurğulanır ki, Azərbaycan dünyada “azad olmayan ölkələr” qrupuna aiddir.

Aytən Məmmədova