intiqamaliyev2

İntiqam Əliyev vicdan məhbusu elan edildi

“Amnesty İnternational” onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrilə görüşdən sonra hüquq müdafiəçisi kameraya köçürüldü

Azərbaycanda insan haqlarının müdafiəçisi İntiqam Əliyev saxta ittihamlarla həbs edilərək, barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. “Amnesty İnternational” hesab edir ki, İntiqam Əliyev birmənalı olaraq, sırf insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə həbs olunub. “Amnesty İnternational” İntiqam Əliyevi “vicdan məhbusu” kimi tanıyır.

“Hüquq Maarifçiliyi Cəmiyyəti” adlı qeyri-hökumət təşkilatının rəhbəri olan İntiqam Əliyev avqustun 8-də prokurorluğa bir sıra QHT-lərə qarşı başlanmış cinayət işi üzrə şahid qismində dindirilmək üçün çağırılıb. Lakin elə həmin gün o, saxlanılıb, evində və təşkilatın ofisində axtarış aparılıb, əşyalar, o cümlədən kompüterlər, hüquq müdafiəçisinin fəaliyyətilə bağlı sənədlər müsadirə olunub.

Həmin gün Həsimi rayon məhkəməsi Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifədən sui-istifadə etmə) maddələrilə ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

İntiqam Əliyev Azərbaycanda siyasi təqib və təzyiqlərin qurbanlarına hüquqi yardım göstərən azsaylı hüquq müdafiəçilərindən biridir. O, həmin şəxslərin bir hissəsinin hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində də müdafiə edib.

İntiqam Əliyev həmçinin Azərbaycanda siyasi motivlərlə həbs olunan şəxslərin siyahısını hazırlayan ekspertlərdən, onların azadlığa buraxılmasını tələb etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edən ekspertlərdən biridir.

“Amnesty İnternational” Azərbaycan hakimiyyətini dərhal və qeyd-şərtsiz İntiqam Əliyevi azadlığa buraxmağa çağırır. Çünki İntiqam Əliyev birmənalı olaraq, hüquq-müdafiə sahəsindəki fəaliyyətinə görə həbs olunub və vicdan məhbusudur.

“Amnesty İnternational” həmçinin hökuməti Azərbaycanda hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və təzyiqləri dayandırmağa, insanların ifadə azadlığı hüququna hörmətlə yanaşmağa çağırır.

Bu arada, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Intiqam Əliyev nəhayət ki, dünən karantindən çıxarılaraq, kameraya köçürülüb. Bu barədə  vəkili Anar Qasımlı məlumat yayıb.

Xatırladaq ki, hüquq müdafiəçisi karantində çox ağır şəraitdə saxlanılırdı.

“8 müttəhim saxlanılan bu balaca otaq təcridxananın ”cəza” hissəsi tərəfində yerləşir. Hamının siqaret çəkdiyi bu kamerada siqaret çəkənlər üçün balkon və ya pəncərə nəzərdə tutulmayıb. Kamera qapısındakı nəfəslik açıq olmalı olsa da, onu bağlayırlar. Kamera olduqca isti, nəfəskəsicidir, burada bu adamlardan tər gedir. Kamerada normal tualet yoxdur. Su gündə 2 dəfə, hər dəfə 1 saat olmaqla verilir. Səkkiz müttəhim bir çəllək suyun ümidinə qalıb.

Kamerada iki nəfəslik olsa da, onlar setka ilə tutulmayıb, ona görə də kamera ağcaqanadla doludur və dustaqları yatmağa qoymur. Intiqam Əliyev həbs olunandan bəri bir dəfə də olsa, təmiz havaya çıxarılmayıb”, – deyə hüquq müdafiəçisinin qızı Nərmin Kamil atasının karantindəki saxlanma şəraiti haqda ictimaiyyəti məlumatlandırmışdı.

İntiqam Əliyev özünə yox, başqası üçün kömək istədi

Bu xəbər ictimailəşəndən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri dünən Intiqam Əliyevlə görüşmək üçün təcridxanaya gedib. Vəkil Anar Qasımlının sözlərinə görə, həmin görüşdən sonra hüquq müdafiəçisi 4 nəfərlik kameraya köçürülüb.

Komitənin əməkdaşları Intiqam Əliyevdən rəhbərliyə çatdırmaq üçün xüsusi xahişi olub-olmadığını soruşublar. O isə karantində qalan bir nəfərin ad-soyadını verərək bildirib ki, həmin şəxsi iki aydır karantində saxlayırlar, ona yardım etmək lazımdır.

Aytən Məmmədova