Son günlərin repressiyası hakimiyyətin gücünü yox, gücsüzlüyünü göstərdi
Son günlər ölkədə repressiyaların yenidən gündəmə gəlməsi, tanınmış hüquq müdafiəçilərinin həbsi məyusluq üçün əsas olmamalıdır. Əksinə, baş verənlər hakimiyyəti bütün arqumentlərdən məhrum etdi. Indi hakimiyyət üçün ən yaxşı arqument, susmaq ola bilər.
Bu “arqument” isə, məğlubiyyəti sığortalamır. Yəni dünənə qədər tolerantlıqdan, fərqli fikrə hörmətdən, sərbəst toplaşma azadlığından, ölkədə siyasi məhbusların olmadığından danışan hakimiyyət, artıq eyni “nəqarat”ları təkrarlaya bilməyəcək. Hər zaman siyasi müxalifəti radikallıqda, antimilli olmaqda günahlandıran hakimiyyət, vətəndaş cəmiyyətinə basqıları artırmaqla etiraf etmiş oldu ki, bugünə qədər səsləndirdiyi ittihamlar ağ yalandır.
Ölkədə Beynəlxalq Mətbuat Mərkəzi (BMM) adlanan qurum var. Heç kimə sirr deyil ki, bu mərkəzdə hər təşkilat tədbir keçirə bilməz. Yalnız hökumətyönlü təşkilatlar və hökumətin müxalifəti olanlar bu mərkəzdən yararlana bilər. Ancaq ölkədə bütün təşkilatların üzünə açıq, müxalifət partiyalarına istənilən vaxt yer verən, tənqidi diskussiyalara şərait yaradan Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu (RATI) fəaliyyət göstərirdi. Hakimiyyət bir neçə gün öncə bu təşkilatın ofisini möhürlədi. AXCP-nin qərargahı partladılandan sonra RATI-nin ofisinin də bağlanması, bir daha sübut etdi ki, hakimiyyət fərqli fikrin eşidildiyi son ünvanın da yaşamasına imkan vermək fikrində deyil.
Ölkədə seçkilərin şəffaf monitorinqini aparan, seçki nəticələrini obyektiv qiymətləndirən yeganə qurum Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) idi. Hakimiyyət bu mərkəzin fəaliyyətində “qeyri-qanuni” məqamlar taparaq, mərkəzin rəhbəri Anar Məmmədlinin qondarma ittihamlarla həbs etdi. Bu həm də onun etirafı idi ki, seçki saxtakarlığını üzə çıxaran heç bir qurum və şəxs ölkədə sərbəst fəaliyyət göstərə bilməz. Anar Məmmədli beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirdi və bütün dünya aydın gördü ki, onun həbsi siyasi sifarişdir.
Ölkədə siyasi məhbuslarla bağlı ən real siyahını hazırlayan, bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıran, 30 ildən artıq hüquq müdafiəçiliyi ilə məşğul olan Leyla Yunus uzunmüddətli “qara kampaniya”dan sonra həbs edildi. Leyla Yunusun həbsi Ilham Əliyev hakimiyyətinin özünüifşasının ən çılpaq anı idi. Təsəvvür edin ki, hakimiyyət bütün dünyaya sübut etməyə çalışırdı ki, Leyla Yunusun siyahısı reallığı əks etdirmir və Azərbaycanda siyasi məhbus yoxdur. Bütün bunlardan sonra Leyla Yunusun həbs olunması isə Azərbaycanda siyasi məhbus məsələsinin hansı səviyyədə olduğunu üzə çıxardı. Leyla Yunus həbsiylə nə qədər haqlı olduğunu sübuta yetirmiş oldu. Indi hakimiyyət beynəlxalq tribunalardan əvvəlki yalanlarını söyləyə bilməyəcək. Bütün yalanlar bumeranq effekti verəcək.
Intiqam Əliyev və Rəsul Cəfərovun həbsi isə bu fikri bir daha gücləndirdi ki, yaltaqlanmayan, ölkədəki neqativ hallara göz yummayan, hakimiyyətin yanlış addımlarını tənqid edən hər kəs Əliyev rejiminin düşmənləri siyahısındadır.
Hakimiyyət, bir qayda olaraq, Azərbaycan haqqında mənfi rəy verən beynəlxalq təşkilatları qərəzdə ittiham edir. “Human Right Watch”, “Amnesty International”, “Freedom House” hakimiyyətin “qara siyahı”sına daxildir və bu təşkilatlara ermənipərəst damğası vurulub.
Ancaq ölkədəki son həbslərə Avropa Birliyi, ABŞ Departamenti, Polşa, Britaniya, Fransa və digər böyük dövlətlər və təşkilatlar kəskin etiraz bildirdilər. Indi hakimiyyətin bu arqumenti də iflasa uğrayıb və bütün dünyanı qərəzdə ittiham etmək mümkün deyil. Bu həm də onu göstərir ki, bugünə qədər aparılan xarici siyasət heç bir uğur qazanmayıb və dünyada Əliyev hakimiyyətini etibarlı tərəfdaş kimi qəbul etmirlər.
Bir sözlə, son günlər ölkədə baş verənlər hakimiyyətin gücünün artdığını yox, tükəndiyini üzə çıxardı.
Ölkənin ləyaqətli, mübariz, vicdanlı kəsimi hakimiyyətin antixalq siyasətini ifşa etdi. Ona görə də hakimiyyət məğlubiyyətinin acısını bu şəxslərdən qisas almaqla çıxır və cəmiyyətdə bacardığı qədər qorxu mühitini saxlamağa çalışır.
Istənilən halda Əliyev hakimiyyətinin sözünün bitdiyi mərhələdəyik. Artıq bütün dünya gördü ki, uzun illər “qala” kimi qələmə verilən tikili, “daxma” da deyilmiş.
Hakimiyyət keçdiyi bütün körpüləri yandırdığı üçün geriyə qayıda bilmir. Irəlidə isə onu alqışlarla qarşılayacaq kimsə yoxdur.
Akif