AXCP hakimiyyəti orta əsr metodlarından imtinaya çağırır
“Murad Ədilovun həbsi repressiya siyasətinin tərkib hissəsidir”
AXCP özünün sözçüsü, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı Natiq Ədilovun qardaşı, partiya fəalı Murad Ədilovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Avqustun 11-də, Sabirabad rayonunda AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun ata evinə polis basqını olub, onun qardaşı Murad Ədilov həbs edilib.
Məlumata görə, Bakıdan gedən əməliyyat qrupu yerli polislə birlikdə Ədilovların evinə soxulub, qanunsuz olaraq axtarış aparıb və Azərbaycan polisinin ənənəsinə uyğun olaraq evə narkotik maddə ataraq, Murad Ədilovu həbs edib. Bu basqının və həbsin Natiq Ədilovun fəaliyyəti ilə birbaşa bağlılığı heç kimdə şübhə doğurmur.
Eyni zamanda Murad Ədilovun özü də AXCP-nin fəal üzvlərindən və Sabirabadda partiyanın Gənclər Komitəsinin yaradıcılarından biridir. Bu baxımdan onun həbs edilməsi həm də özünün siyasi fəallığına görədir.
Murad Ədilov hələ bir il bundan əvvəl də eyni ssenari ilə həbs edərək polisdə saxlanmışdı və yalnız güclü ictimai reaksiya müqabilində bir azadlığa buraxılmışdı. Görünür, indi hakimiyyətin özü də ölkədə repressiyaları adiləşdirdiyinin fərqindədir, buna görə də heç bir əndazəyə sığmayan qanunsuzluqlarla ictimai-siyasi sektora hücumları davam etdirir. Murad Ədilovun həbsi insanları şərləməklə aparılan repressiya siyasətinin tərkib hissəsidir.
Murad Ədilov həbs edilən gün onun harada saxlanıldığı haqda ailə üzvləri heç bir məlumat ala bilməyib. Bu isə faktiki adam oğurluğu və ya girov götürmə kimi qiymətləndirilməlidir. Bundan başqa evə polis basqınına görə keçirdikləri stresdən Murad Ədilovun azyaşlı uşaqları və anasının səhhəti pisləşib. Bununla da günhasız bir ailənin üzvləri hakimiyyət orqanlarının mənəvi işgəncəsinə məruz qalıb.
Murad Ədilov həbs ediləndən bir gün sonra bəlli olub ki, onu Sabirabad polis şöbəsində döyüblər və o vəziyyətdə də Bakıya, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirilib. O, hazırda həmin idarədə saxlanılır.
AXCP Natiq Ədilova təzyiq və özünü siyasi fəallıqdan çəkindirmək məqsədilə Murad Ədilovun həbs edilməsini qətiyyətlə pisləyir. AXCP bəyan edir ki, indiki dövrdə insanları bu cür orta əsr metodları ilə mövqelərindən və fəaliyyətlərindən çəkindirməyə çalışmaq ən ağılsız hərəkətdir. Bu, vətəndaşlara hörmətsizlik, dövlətin adına utanc və hakimiyyətin mədəni dünya qarşısında özünü ifşasıdır.
AXCP tələb edir ki, Murad Ədilovun müdafiəçilərinə dərhal onunla görüşmək imkanı yaradılsın və onun döyülməsi faktı araşdırılsın, bu qanunsuz hərəkətə yol verənlər cəzalandırılsın. Murad Ədilov təcili surətdə azadlığa buraxılsın, onun şərlənməsi əməliyyatının iştirakçıları məsuliyyətə cəlb edilsin.
AXCP xatırladır ki, Azərbaycanda repressiyaların dövlət siyasətinə çevrilməsi ölkəni bütün mütərəqqi dünyadan təcrid vəziyyətinə gətirib, insan haqlarının ən çox pozulduğu ölkələr sırasında bərqərar edib. Ölkə prezidenti və regional idarəçilərdən olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri “Mətbuatın yırtıcı düşmənləri” siyahısına daxil edilib. Ölkədə 100 nəfərdən artıq siyasi məhbus, Amnesty İnternational kimi nüfuzlu beynəlxalq təşkilatın “vicdan məhbusu” elan etdiyi onlarla vətəndaş günahsız yerə və tam saxta ittihamlarla həbsxanalarda saxlanılır. Bu, Azərbaycanda Stalinizmin 37-ci illər repressiyalarının dalğasını doğurmaqdadır.
AXCP hakimiyyətdən bu utancverici mənzərəyə görə daşıdığı məsuliyyəti dərk etməyə, ictimai-siyasi fəallara qaşı repressiyanı dayandırmağa və bütün siyasi məhbusları yubanmadan azad etməyə çağırır”.