Yaxud, Bəxtiyar Sadıqovun tənqidinə sözardı
Son günlər cəbhə bölgəsində atəşkəsin polzulması və onlarla hərbiçimizin şəhid olması hər bir vicdanlı vətəndaşı sarsıtdı. Baş verənlərə müxtəlif münasibətlər sərgiləndi. Hakimiyyət təmsilçiləri isə, həmişəki kimi ordumuzun inkişafından, uğurlu daxil və xarici siyasətdən danışdılar. Yəni əsgərlərimizin şəhid olması, baş verən faciəli hadisələr də ənənəvi tərifi arxa plana ata bilmədi. Televiziya kanalları isə həmişəki kimi musiqi sədaları ilə zəngin idi.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da “Sınaqdan kim necə çıxdı” başlıqlı məqaləsi ilə son olaylara qiymət verməyə çalışıb. Bəxtiyar müəllim məqalədə ordumuzun peşəkarlığını, aparılan siyasətin yüksək səviyyədə olduğunu xatırladandan sonra bəzi tənqidlərini də bölüşüb: “Özəl telekanalların çoxu əvvəlki amplualarına sadiq qaldılar. Peşəkarlıq səviyyələrinin və yaradıcılıq imkanlarının məhdudluğu ucbatından hadisələrə dərhal reaksiya verə bilmədilər. Orucluq günlərində belə fəaliyyətlərini dayandırmayan ”mətbəx”lərində “bozbaş qazanını” qaynadaraq toy müğənnilərini oxudub oynatdılar, laqqırtılarla efir vaxtını doldurdular. Elə bil başqa ölkənin ərazisində yerləşirdilər”- deyə Bəxtiyar Sadıqov yazır.
Yazımızın girişində telekanallar haqqında münasibətimizi ifadə etdik. Artıq elə bir vəziyyət yaranıb ki, vətəndaşlar ölkə telekanallarını boykot edib. Çünki, baxımlı verilişlər yox səviyyəsindədir və bütün kanalların ana xətti mövcud hakimiyyətə mədhiyyələr söyləməkdən ibarətdir.
Ancaq, Bəxtiyar Sadıqovun telekanalları tənqid etməsi qeyri-səmimi görünür. Çünki, ölkə telekanallarının bu vəziyyətə düşməsinin səbəbkarı Bəxtiyar müəllimin tərif və təmsil etdiyi hakimiyyətdir.
Telekanallar niyə “yemək qazanı”na və “müğənni məskəni”nə dönüb?
Çünki, bütün telekanallar qadağa şəraitində fəaliyyət göstərir. Fərqli fikrə imkan verilmir, son günlər ölkənin sayılıb-seçilən şəxslərinin həbsi ilə bağlı müzakirələr açılmır, atəşkəsin pozulmasının müxtəlif aspektlərdən analizinə imkan yaradılmır, məmur özbaşınalıqları, ağır sosial vəziyyətlə bağlı araşdırma materialları ekrana buraxılmır. Belə olan təqdirdə telekanallar nə etməlidir? Gecə-gündüz YAP hakimiyyətinin mədhi insanlarda ikrah hissi yaradır. Bu ikrah hissini sığortalamaq üçün isə, yalnız yemək bişirməyə, müğənni istehsal etməyə icazə verilir.
Ac vətəndaşa iqtisadi inkişafdan, hərbidən qayıtmış əsgərə ordudakı şəffaflıqdan, iş adamına sahibkarlığa dəstəkdən, regiondan Bakıya işləmək üçün gələn vətəndaşa regionlardakı iş yerlərinin açılmasından danışmaq nə qədər effektli ola bilər?
Insanlar televiziyada eşitdiklərini real həyatda görə bilmirlərsə, niyə bu telekanallara baxmalıdılar? Yəni bu hakimiyyətin basqısı sayəsində, telekanallar xalqa yalan informasiya sırayır. Müxalif fikirli insanlar “ermənipərəst” kimi təqdim edilir. Hakimiyyəti tənqid edən ziyalı “vətən xaini” adlandırılır.
Bəxtiyar müəllim də gözəl bilir ki, telekanallar müstəqil deyil və hər mövzunu müzakirəyə çıxara bilməzlər. Ona görə tənqid edəndə də, hər şeyi öz adı ilə çağırmaq lazımdır.
Bəxtiyar müəllim, insanlar yaltaqlıqdan beziblər. Adamlar bir-birini ittiham edəndə “AzTV-lik eləmə” deyirlər.
Bir sözlə, şəhid verdiyimiz günlərdə telekanallarda “bozbaş axşam”larının olması, hakimiyyətin mahiyyəti ilə bağlıdır. Telekanallar da bilir ki, xalqa həqiqətləri çatdırmaq yox, xalqın başını qatmaq və hakimiyyəti tərifləmək lazımdır.
Daha sonra Bəxtiyar müəllim yazır: “Xalqın çətin və kədərli durumundan şou düzəltmək cəhdləri, kimlərləsə haqq-hesab çəkmək niyyəti, cılız iddiaların baş alıb getdiyi məqamlar üstünlük təşkil etdi! ”Facebook”da “utanmasan oynamağa nə var” müdrik deyimini unudanların sayı normal düşünüb-danışanlardan çox oldu”.
Bəxtiyar müəllim çox yaxşı məqama toxunmusunuz. Həqiqətən də xalqın kədərli vaxtında təmsil etdiyiniz hakimiyyət əsgər ailələrinə başsağlığı vermək əvəzinə, daxildə “ermənipərəst”, “vergidənyayınan” axtarırdı. Cəbhədən əsgərlərimizin meyidi gələndə, Bakıda Leyla Yunusun, Rəsul Cəfərovun, Intiqam Əliyevin, Arif Yunusun, cəbhəçi gənc Ruslan Nəsirlinin həbsi baş verdi. Düz deyirsiniz, hakimiyyət haqq-hesab çəkmək üçün fürsət tapmışdı və cılız əməllərini həyata keçirirdi. Hakimiyyət bu həbslərlə utanmadan oynamağın ən yaxşı nümunəsini göstərmiş oldu.
Biz izah etməyə çalışdıq ki, Bəxtiyar müəllimin tənqidlərinin əsl ünvanı hakimiyyətdir. Bəxtiyar müəllim isə, israrla hədəfi nişan almaqdan imtina edir.
Akif