AXCP sədri Əli Kərimli Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğan.
Sizi Türkiyə Cümhuriyyətinin prezidenti – Cümhurbaşqanı seçilməyiniz münasibətilə təbrik edirəm. Qardaş Türkiyə xalqı öz tarixində ilk dəfə olaraq, Cümhurbaşqanını Böyük Millət Məclisində – parlament vasitəsilə yox, birbaşa, ümümxalq səsverməsi ilə seçdi. Bu tarixi seçkinin qalibi isə Siz oldunuz. Sizi həm də ölkənizin tarixində növbəti bir ilkə imza atmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Başçılıq etdiyiniz AK Parti bundan əvvəlki seçkilərdə də böyük qələbələrə imza atıb. Partiyanız 2011-ci il parlament seçkilərində 50 faizə yaxın, bu ilki bələdiyyə seçkilərində isə 44 faizdən çox səs toplayıb. Bu birmənalı qalibiyyətlərin ardınca Cümhurbaşqanı seçkisində də AK Partinin namizədi olaraq Sizin 52 faiz səslə ilk turdaca qalib gəlməyiniz qardaş Türkiyə xalqının çoxillik siyasi fəaliyyətinizə verdiyi ardıcıl və sabit dəstəyi göstərir.
Siz hökumət başına gələndən bəri Türkiyənin istər siyasi, istərsə də iqtisadi planda gerçək inkişafı üçün böyük əmək sərf etmisiniz. Arzu edirəm ki, qarşıdakı illərdə də qardaş Türkiyənin ancaq xoş soraqlarını eşidək. Ölkənizin siyasi və iqtisadi sahədə inkişafının davamı gəlsin. Türkiyənin dünya gücləri arasındakı yerinin, eləcə də regional təhlükəsizlik və sabitlik məsələsində oynadığı rolun bundan sonra da möhkəmlənməsini və yüksəlməsini arzulayıram.
Ümidvaram ki, Azərbaycan mövzusu indiyədək olduğu kimi, bundan sonra da fəaliyyətinizdə mühüm yer tutacaq və ölkəmizin ən ağrılı problemi olan Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində mühüm irəliləyişlərə əhəmiyyətli töhvənizi verəcəksiniz.
Hörmətli Cümhurbaşqanı. Sizi bir daha bu tarixi qələbəniz münasibətilə təbrik edir, can sağlığı, ailə xoşbəxtliyi, işlərinizdə uğurlar arzulayıram. Əziz Türkiyə xalqına və doğma Türkiyəmizə daha böyük uğurlar və inkişaf diləyirəm.
Hörmətlə,
Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri”.