Avqustun 9-da Soçidə Azərbaycan və Rusiya prezidentləri görüşüb. Vladimir Putinlə danışıqlarda Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Qarabağ problemi həddən artıq uzanıb və öz həllini tələb edir.
«Boçarov Ruçey» iqamətgahındakı görüşdən sonra İlham Əliyev bir daha vurğulayıb: «Biz Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsinin nizamalanmasını müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb».
İlham Əliyevin dediyinə görə, son illər Azərbaycanla Rusiyanın əlaqələrində müsbət dinamika var: «Biz Rusiyanı çox qiymətləndiririk və Rusiyanı beynəlxalq aləmdə özümüzün əsas tərəfdaşlarımızdan sayırıq».
İlham Əliyev bildirib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir. Nəinki siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticə verir. O cümlədən qarşılıqlı ticarət və investisiyalar artır: «Biz əməkdaşlığın potensialını artırmaqda qətiyik. O cümlədən, regional təhlükəsizlikdə və regiondakı sabitlikdə».
Görüşdən əvvəl Rusiya prezidenti Putin deyib: «Əlbəttə, ağrılı məsələni – Dağlıq Qarabağ problemini müzakirə edəcəyik».
Putin Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlərdə inkişafından danışıb: «Bizim ikitərəflıi təmaslarımızda etimad elementi daima məhkəmlənir. Biz buna çox şadıq».