İqtidar xaricdə yaşayan fəalları müxtəlif vasitələrlə öz tərəfinə çəkmək istəyir
Azərbaycan hökuməti ölkə daxilində repressiya siyasətini gücləndirməklə kifayətlənmir. Fəal mühacirləri də özünə təhlükə sayan iqtidarın onlarla da bağlı planı var. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, iqtidar bəzi nüfuzlu mühacirləri müxtəlif vasitələrlə ələ almaq niyyətindədir. Iddialara görə, artıq prosesə start verilib.
Bəzi mühacirlərlə danışıqlar aparılıb, onlara şirnikləndirici vədlər verilib. Hətta onlardan təklifə razılıq verənlərin də olduğu bildirilir. “Xaricdə sığınacaq almış jurnalistlərə pul, mənzil və media orqanı açmaq vədi verilib. Bunun müqabilində onlar Azərbaycana qayıtmalı, Azərbaycanın müsbətə doğru dəyişdiyi, ölkənin sürətlə inkişaf etdiyi, demokratik islahatların aparıldığı, söz və mətbuat azadlığının olduğu barədə bəyanat verməlidir. Eyni zamanda digər mühacirlərə ölkəyə qayıtamaq çağırışı edilməlidir. Artıq bu təklifə razılıq verənlər var. Güman ki, yaxın vaxtlarda bu şounun şahidi olacağıq”, – deyə mənbə bildirib.
Məlumatda qeyd edilir ki, şirnikləndiri təkliflərlə razılaşmayan fəalların Azərbaycandakı yaxınlarına təzyiq etməklə onları ram etmək düşünülür. Mənbənin sözlərinə görə, ölkə daxilində aparılan repressiya siyasətinin fonunda mühacirlərin ölkəyə qayıtması və hakimiyyətin xeyrinə bəyanatlar verməsi iqtidara hava-su kimi lazımdır. “Ona görə də bu məsələ ilə bağlı ciddi iş aparılır”, – deyə mənbə əlavə edib.