RATİ-nin ofisinə polis basqını FOTO

Avqustun 8-i günorta saatlarında RATI-nin ofisini – Rəşid Behbudov 85/86 ünvanı polis və mülki geyimli əməliyyatçılar mühasirəyə alıb. Onlar heç bir izah vemədən RATI-nin əməkdaşlarından qapını açmağı tələb ediblər. Bildiriblər ki, ofisə daxil olmaları üçün onlara şərait yaradılmalıdır. RATI-nin əməkdaşları bu tələbi qanunsuz sayaraq qapını açmaqdan imtina ediblər.

Hadisə yerinə dərhal jurnalistlər yollanıb. Lakin polis və mülki geyimlilər jurnalistləri ofisə buraxmayıblar və mühasirədən kənarda saxlayıblar.

Hadisə yerinə RATI-nin ofis üçün icarəyə götürdüyü mülkün sahibi gəlib. O, təşkilatın əməkdaşlarından qapını açmağı xahiş edib. Bundan sonra əməkdaşlar qapını açıblar, polislər də ofisə daxil olublar. Polislərin ofisə niyə daxil olduqları haqda jurnalistlərə heç bir məlumat verilməyib.

RATI-nin ofisi 2 mərtəbəli olsa da, respublika Prokurorluğunun rəsmiləri yalnız ikinci mərtəbədə axtarış aparmaq sanksiyasını göstəriblər. Buna baxmayaraq onlar birinci mərtəbədə də axtarış aparmaqda israr ediblər. Halbuki, bu barədə sanksiya olmayıb.

Bir neçə saatlıq axtarışdan sonra ikinci mərtəbədəki ofisdə bütün texniki avadanlıq müsadirə olunaraq aparılıb.

RATI sədri Emin Hüseynov barəsində isə müxtəlif məlumatlar yayılıb. Öncə onun həbs olunduğu, daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyində olduğu deyilib. ABŞ səfirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Emin Hüseynov səfirliyin ərazisində deyil, yayılan məlumatların əsası yoxdur.

Qeyd edək ki, RATI sədrinin bank hesablarına və ölkədən çıxışına qadağa qoyulub. Gün ərzində isə Emin Hüsyenovun telefonu bağlı olub, yaxınları da onun barəsində məlumatsızdır.