Putin problemini necə həll etməli?

ABŞ kəşfiyyatçısı onun fiziki məhvini də mümkün sayır

“Obama və kolleqaları açıq şəkidə bəyan etməlidirlər: Putin Kremldən çıxıb gedənə qədər sanksiyalar davam edəcək”

Herbert Mayer, American Thinker

Qədərindən artıq nəzakət zərərlidir, üstəlik ruslara münasibətdə. Onlara kəsə demək lazımdır ki, sənə nə lazımdır? Məsələn, bir dəfə prezident Reyqandan soruşmuşdular ki, soyuq müharibə nəyə lazımdır? O cavab vermişdi: “Biz udacağıq, onlar isə uduzacaqlar”. Reyqan indi də eyni cavabı verərdi: “Eyni nəticə təkrar olunacaq”.
Ötən ay Ukrayna səmasında Malaziya hava yollarina məxsus təyyarə vurulanda cənab Obamaya da, Avropanın bir sıra  liderlərinə də aydın oldu ki, Rusiya prezidenti Vladimir Putin bütün dünyada sülh üçün ən böyük təhlükədir.

Sanksiyaların məqsədi

İndi prezident Obama və onun Avropadakı kolleqaları bir qədər gecikmiş olsalar da, hər halda çevik və səliqəli şəkildə rus enerji şirkətlərinə, banklarına, oliqarx adlanan rus milyarderlərə qarşı iqtisadi sanksiyalar tətbiq etməkdədirlər. Bu, doğru strategiyadır, amma sanksiyalardan gözlənilən məqsədi onlar düzgün müəyyən etməyiblər. Prezident Obamanın, onun kolleqalarının, eləcə də Britaniyanın baş naziri Devid Kameronun və Almaniya kansleri Anjela Merkelin bəyanatlarından belə çıxır ki, bu sanksiyaların əsas məqsədi “Putinə necə böyük səhvə yol verdiyini başa salmaqdır”. Liderlərin sözündən belə çıxır ki, Putin Krımla kifayətlənməli və Ukraynanın başqa tikələrinə tamah salmamalıdır. Başqa cür desək, Putin Ukrayna işlərinə burnunu soxmamalı və Avropanın digər dövlətdlərinin, məsələn, Latviyanın və Estoniyanın müstəqilliyinə təhlükə törətməkdən vaz keçməlidir. Neyləmək olar, Avropa tarixini bilərək, eləcə də, məsələn, Havay adalarındakı özəl məktəbdə deyil, Bruklin saray məktəbində keçirilmiş uşaqlıq dövrünü nəzərə alaraq, anlatmaq olar ki, Putin kimi birisini cəzalarla islah etmək mümkün deyil, öz səhvlərindən belələri dərs götürməz. Belələrini öz dilləri ilə qandırmaq lazımdır, bir dəfə və həmişəlik – əla nokautla! Uyğun olaraq, sanksiyaların əsas məqsədi Putinin güvəndiyi və Putin kimi birisinin hakimiyyətinə dözməkdə olan rusları onu nokauta salmağa məcbur etmək olmalıdır.

Rusiya oliqarxları nəyin marağındadır?

Sanksiyaların uğurlu strategiyasını təmin etmək üçün varlı rusların maliyyə maraqları ilə Putinin siyasi iddiaları arasındakı uçurumu dərinləşdirmək lazımdır. Rus şirkətlərinin rəhbərlərini nə Ukrayna maraqlandırır, nə də Putinin Romanovlar imperatorluğunu diriltmək kimi səfeh xülyaları. Onlar savaş meydanlarında deyil, danışıqlar meydanında döyüşürlər. Rusiya oliqarxları – dünyanın tarixi boyu ən sırtıq, ən eqoist, ən antipatik tipdir. “Görməmiş” sözü onları təsvir etmək üçün çox zəif ifadədir. Həyatda onları yalnız yaxtaları, Londonda, Nyu Yorkda, Rivyerdə aldıqları bahalı mənzillərdə saxladıqları və nümayişkəranə surətdə bahalı restoranlara sürüdükləri nərmənazik fiquralı məşuqələri maraqlandırır. Onlar Donetskin xatirinə bunlardan imtina edərlərmi? Lap qoy, Riqanın və ya Tallinin xatirinə olsun.

Putin Kremldən gedənə qədər

Əgər Obama və onun avropalı kolleqaları vintləri daha bərk sıxmaqda davam etsələr, rus binesmenlərinin işgüzar fəallığına son qoya bilsələr, bu pleyboy oliqarxların həyatını tündləşdirsələr, deyək ki, bank kartlarını ləğv etməklə, Qərb aeroportlarında onların şəxsi təyyarələrinə eniş zolağı verməməklə, sanksiyalar işləyəcək. Əsas budur ki, Obama və kolleqaları açıq şəkidə bəyan etsinlər: Putin Kremldən çıxıb gedənə qədər sanksiyalar davam edəcək.

Stalin, yoxsa Xuan Perrona

Putindən sonra Rusiyada çətin ki, tezliklə Qərb demokratiyası qurulsun, amma Putinsiz Rusiya ən azı dünyanı daha təhdid etməyəcək. Məsələ burasındadır ki, indi Rusiya SSRİ-dən daha çox 1950-ci illərin Latın Amerikası diktaturalarına bənzəyir. Sovet İttifaqı təpədən dırnağa qədər polis diktaturası idi və başda Kommunist Partiyasının Siyası Bürosu olmaqla böyük bir inzibati aparat vətəndaşların şəxsi həyatından tutmuş ictimai mövcudluğuna qədər bütün mərhələləri sərt nəzarət altında saxlayırdı. Bir baş katibi o biri əvəz edəndə az şey dəyişirdi. İndiki Rusiya isə bir aktyorun teatrına bənzəyir. Doğrudur, Putin özünü yeni Stalin saymağı sevir, amma o daha çox Argentina diktatoru Xuan Perrona (hərçənd, nüvə silahı ilə) daha çox oxşayır. Böyük ehtimalla, kimliyindən asılı olmayaraq, onun siyasi kursunu davam etdirəcək varisi də Ukraynaya hücumlardan, Avropadakı siyasi sabitliyi hədələməkdən əl çəkməyəcək. Əlbəttə, indi Rusiyada demokratik təfəkkürlü superulduzlardan heç kim, məsələn, Harri Kasparov tipli birisi Putini əvəz etməyəcək. Amma bütün hallarda, Rusiyanın Putindən sonrakı lideri çalışacaq ki, batmaqda olan iqtisadiyyatla uğraşsın, daha Romanovların imperiyasını diriltmək fikrinə düşməsin.

Putin kimin problemidir?

Daha anlaşıqlı desək, Qərbin sanksiyalarının ünvanlandığı Rusiya oliqarxlarına və top menecerlərinə başa salmalıyıq ki, Putin bizim deyil, onların öz problemidir. Ola bilər ki, onlar siyasi dühaya və ya bizim demokratiyanın əsasını qoyan atalarımızın malik olduğu patriotizmə sahib deyillər, amma onlar, o qədər də axmaq deyillər. Onların, deyək ki, Moskvadakı hansısa sakit bir ofisdə, hansısa lacivərd bir sahilə yan almış yaxtada toplaşıb söhbət etmələri üçün o qədər də çox zaman tələb olunmur. Onlar bu söhbətlərdə Rusiyanın gələcəyi üçün nəyin daha yaxşı olduğunu müzakirə edə bilərlər.

Sadə və aşkar siqnal

Ruslarla nəzakətli rəftar işə yaramadığı üçün, Prezident Obama və onun avropalı kolleqaları bu adamlara sadə və aşkar şəkildə siqnal verməlidirlər ki, onların Putinlə bağlı məsələni necə yoluna qoyacaqları bizi maraqlandırmır. Əgər onlar qoca Vladimiri başa sala bilsələr ki, fəxri təmtəraqla Kremli tərk etsin, bu, daha yaxşı. Əgər Putin özünün karyerasının başa çatdığını anlamaq üçün çox inadkardırsa, o zaman onu ayaqları öndə, boynudakı deşiklə Kremldən tullamaq olar və bizi bu da qane edir. Qara yumorun da əleyhinə deyilik. Ola bilər ki, Putin özünün kubalı, venesuelalı, iranlı dostlarının yanından növbəti səfərdən Moskvaya qayıdarkən hansısa şübhəli mənşəli və əllərinə təsadüfən “yer-hava” tipli raket düşmüş qiyamçılar onun təyyarəsini vurub partlada bilər.

(Herbert Mayer prezident Reyqanın zamanında MİK direktorunun xüsusi köməkçisi, MİK nəzdində Milli Kəşfiyyat Şurasının prezidenti olub).