Hüquq müdafiəçisi evinə girmək cəhdini xəbərdarlıq kimi qəbul edir

Məlahət Nəsibova oxşar hadisələrin indiyədək də baş verdiyini deyir

Xəbər verildiyi kimi, naxçıvanlı hüquq müdafiəçiləri Ilqar və Məlahət Nəsibovların mənzilinə girməyə cəhd edilib. Ilqar Nəsibovun “Turan”a verdiyi məlumata görə, naməlum şəxs onların Heydər Əliyev prospekti, ev 37, mənzil 91 ünvanındakı evinin qapısını qırmağa çalışıb:

“Kilid mexanizmi bayır tərəfdən ciddi zədələnib. Görünür ki, kilid boşluğuna kilidaçan taxaraq qapını açmağa çalışıblar. Lakin buna müvəffəq olmayıblar”.

O hesab edir ki, bunu yalnız xüsusi xidmətlər edə bilərdi, çünki Naxçıvanda, ümumiyyətlə, oğurluq yoxdur: “Qapıların, mənzillərin və müəssisələrin qapıları, faktiki olaraq, açıqdır, burada çoxdan oğurluq hadisəsi olmur”.

Hüquq müdafiəçisi qeyd edib ki, evə təsadüfən qayıdıb, çünki həyat yoldaşı ilə birlikdə rayona qohumlarının toyuna getməyə hazırlaşırmış. “Bizim telefonlarımızı dinləyirlər və görünür, kimsə bizim yoxluğumuzdan istifadə etməyə çalışıb”.

Bakıda vətəndaş cəmiyyətinə misli görünməmiş təzyiq fonunda Naxçıvanda, demək olar, yeganə olan hüquq müdafiəçilərinin təqibi tamamilə məntiqlidir. Nəsibovlar hesab edirlər ki, qanunsuz fəaliyyətdə ittiham etmək məqsədilə onlara qarşı təxribat hazırlanır. 

Xatırladaq ki, Məlahət Nəsibova Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin rəhbəri, həmçinin jurnalistdir. Ilqar Nəsibov da bu mərkəzdə işləyir və bir sıra KIV-lərlə əməkdaşlıq edir.

Əvvəlki illərdə Nəsibovlar yerli hakimiyyəti tənqid etdiklərinə və vətəndaş hüquqlarını müdafiə etdiklərinə görə müntəzəm olaraq təqibə məruz qalırdılar.

Məsələnin məğzini “Azadlıq”a danışan Məlahət Nəsibova  ölkədəki qlobal proseslərin fonunda öncə hadisə barədə mətbuata açıqlama vermək niyyətlərinin olmadığını söylədi. Lakin ötən il Türkiyədə olarkən baş verən hadisə və keçən ay Ilqar Nəsibovun yolu keçərkən taksinin onu vurmasını özlərinə qarşı başlanan təzyiqin tərkib hissəsi sayır:

“Biz bunu mətbuata çatdırmadıq. Lakin bugünlərdə evimizə girmək cəhdini biz nəyəsə hazırlıq getdiyi və müəyyən xəbərdarlıq kimi başa düşürük. Naxçıvan kimi ciddi idarə olunan rejimlərdə oğurluq hadisəsi çətin baş verir. Çünki güc strukturları insanları ciddi nəzarət altında saxlayır. Bizə qarşı belə hadisəni yalnız buna gücü çatan səlahiyyət sahibləri edə bilər. Biz hüquq mühafizə orqanlarından, güc strukturlarından şübhələnirik. Sistem nəzarət altındadır deyə, Naxçıvanda qapını da açıq qoysan, kimsə evə girməyə cürət etmir”.

Informasiya şöbəsi