Payız gəlməmiş qiymətlər qalxdı…
Azərbaycanda qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, bir il ərzində ərzaq malları 0,9 faiz, pullu xidmətlər 0,4 faiz, qeyri-ərzaq malları 3,6 faiz bahalaşıb. Iyulda bir ay əvvələ nisbətən ümumi qiymət səviyyəsində enmə olsa da, ay ərzində 0,8 faiz defilyasiya baş verib.
Qeyri-ərzaq malları arasında duru yanacaqda (11,7 faiz), yanacaq və sürtkü materiallarında (31,8 faiz) son bir ildə daha çox qiymət artımı qeydə alınıb.
Ümumi qiymət dəyişikliyində diqqəti cəlb edən əsas cəhətlərdən biri də paytaxtda bahalaşma sürətinin səngiməsi, əvəzində regionlarda qiymətlərin daha böyük nisbətlə artmasıdır. Müqayisə üçün bildirək ki, son bir ildə Bakıda qiymətlər 1,6 faiz artdığı halda, cənub regionunda 3,6 faiz, Abşeron iqtisadi rayonunda 3,4 faiz, Quba-Xaçmazda 3,4 faiz, Şəki-Zaqatalada 2,5 faiz yüksəlib. Respublika üzrə orta inflyasiya səviyyəsindən aşağı qiymət artımı Aranda (1,3 faiz) və Dağlıq Şirvan iqtisadi rayonunda (1 faiz) qeydə alınıb.ÿNaxçıvan Muxtar Respublikasında isə son bir ildə defilyasiya olub. Bu regionda defilyasiya 0,5 faiz təşkil edib.
Avqustun 6-da paytaxtın yanacaqdoldurma məntəqələrində “Premium” (AI-95) markalı benzinin qiyməti 93 qəpikdən 97 qəpiyə qalxıb. Ən kəskin sıçrayış isə siqaretin qiymətində müşahidə olunur. Məsələn, bir neçə gün əvvəl 1,8 manata satılan “Sobranie” markalı siqaretin qutusu 20 qəpik bahalaşaraq 2 manat olub.
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bahalaşmanın artıq indidən başlamasının bir neçə səbəbi var. Ekspert ilk olaraq, ötən ilin dekabrında və bu il yanacağın qiymətindəki artımları göstərir. Yəni, yanacağın qiymətindəki artımları nəzərə alaraq, bu mövsümdə ərzaq və qeyri-ərzaq mallarının inflyasiyasının müəyyən dərəcədə yüksək həddə olacağını proqnozlaşdırmaq mümkün idi:
“Kənd təsərrüfatında yanacağın maya dəyərindəki yeri təqribən 30 faizdən bir qədər yuxarı idi. Yanacağın qiymətinin artması mütləq ərzaq məhsullarının qiymətinə birbaşa təsir göstərəcəkdi”.
Ekspert əlavə edir ki, Azərbaycan son aylarda gömrükdə bir çox yeniliklər edərək, ölkəyə gətirilən mallara nəzarəti daha da sərtləşdirib. Gömrük vasitəsilə inhisarın sərtləşdirildiyini qeyd edən Natiq Cəfərlinin sözlərinə görə, inhisarçı qurum və şirkətlər ölkəyə gətirilən mallara istənilən qiyməti qoyaraq bazara çıxarmaqda sərbəstlik qazanıblar: “Bunun özü də ölkədəki qiymət artımına ciddi təsir göstərir”.
Sosial şöbə