Azərbaycana xaricdən gələn taxıl keyfiyyətsizdir

Nazirlər Kabineti taxılın keyfiyyətinə nəzarət qaydalarını dəyişsə də, ekspertlər müsbət nəticə gözləmir

Xəbər verildiyi kimi, baş nazir Artur Rasizadə “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklikləri təsdiqləyib. Nazirlər Kabinetinin təsdiqlədiyi bu qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiqinə dair prezident sərəncamının icrası məqsədilə verilib.

Qərara əsasən, taxılçılıq fəaliyyətilə məşğul olan sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. Baş nazirin imzaladığı qərarla Iqtisadiyyat və Sənaye Nazirliyi taxıl məhsullarının insanın həyatı, sağlamlığı, dövlətin əmlak maraqları və ətraf mühitin təhlükəsizliyinin qorunmasını təmin edəcək standart və tələblərə uyğunluğuna nəzarət edəcək.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, taxılın keyfiyyətinə nəzarəti hansı qurumun həyata  keçirməsi heç bir əhəmiyyət daşımır. Çünki taxılın keyfiyyətinə nəzarət edənlərdən əlavə, bu işi hansısa bir quruma tapşırmağa ehtiyac yoxdur: “Ölkəyə idxal edilən taxılın keyfiyyətilə sərhəddə müəyyən qurumlar məşğul olur. Ölkə daxilində isə fermerlər istehsal etdikləri məhsulun keyfiyyət sertifikatını mütləq təqdim edirlər. Bunu həyata keçirən müvafiq qurumlar var. Belə ki, istehsalla bağlı Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsi sertifikat verir. Idxalda isə həmin ölkənin keyfiyyət sənədi təqdim edilir, gigiyena və sanitariya qurumu bu sənədlə keyfiyyətin uyğunluğuna icazə verir. Bu baxımdan, hansısa bir dövlət qurumunun nəzarətinə ehtiyac qalmır. Ümumiyyətlə, taxılın keyfiyyətilə bağlı problemlər var. Bu da istehsal prosesi zamanı bir sıra aqrotexniki qaydalara əməl olunmamasıyla bağlıdır. Müəyyən avadanlıqlar gətirilməlidir ki, taxılın qurudulması və anbarda saxlanması qaydalara uyğun olsun”.

V.Məhərrəmov qeyd edir ki, idxal etdiyimiz taxılın keyfiyyəti əslində, çox aşağıdır. Gürcüstan qəti qərarla 3-cü sinif buğdadan aşağı standarta, yəni 4-cü, 5-ci sinif buğdanın ölkəyə buraxılmasına qadağa qoyub. Bu mənada Azərbaycanda da baş nazir ölkəyə 1, 2, və 3-cü sinif buğdadan aşağı keyfiyyətdə məhsulun idxal olunmasına məhdudiyyət qoya bilərdi: “Əsas olan budur. Əlavə strukturlara nəsə tapşırmağa heç bir lüzum yoxdur. Bununla heç nə dəyişməyəcək. Bu sahədə problem tamam başqadır. Azərbaycana taxıl idxal edən inhisarçı hər hansı bir nazirə idxal olunan taxılın keyfiyyətinə nəzarət etməyə imkan verməyəcək”.

Nigar