Aydın Əliyev də “Hafka” ilə hesab çəkməyə başladı
Son günlər Bakıda London taksilərini cərimə meydançalarına aparılması hallarına təsadüf edilir. Redaksiyamıza daxil olan məlumatlara görə, bu heç də yol hərəkəti qaydalarının pozulması ilə bağlı deyil. Məlumatlarda deyilir ki, Bakıya gətirilən London taksilərinin əhəmiyyətli hissəsi gömrükdən keçməyib.
Onlardan bir hissəsinə 2013-cü ilin, bir hissəsinə 2014-cü ilin mayına qədər gömrük keçmək üçün möhlət verilib. Lakin vaxt tamam olmasına baxmayaraq taksilər gömrükdən keçirilməyib. Dövlət Gömrük Komitəsi də həmin taksilərin saxlanılaraq cərimə meydançalarına yığır.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “Azadlıq”a açıqlamasında belə bir problemin mövcudluğunu təsdiqləyib. Lakin o bildirib ki, məsələnin Nəqliyyat Nazirliyinə heç bir aidiyyatı yoxdur: “Bu taksilər ”Bakı Taksi” MMC-yə aiddir. Bu MMC isə özəl qurumdur. Nəqliyyat Nazirliyi bu məsələdə yalnız sifarişçi qismindədir. Ona görə, həmin taksilərin gömrükdən keçirilməsini adıçəkilən MMC təmin etməlidir”.
Namiq Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi gələn il Bakıda keçiriləcək Avropa yay oyunları ilə əlaqədar ayrıca 500 taksi gətirəcək. Bu taksilərə birbaşa cavabdehliyi məhz Nəqliyyat Nazirliyi daşıyacaq.
Bəzi məlumatlara görə, London taksilərilə bağlı yaranmış bu vəziyyət iş adamı Hafiz Məmmədovun ətrafında baş verən proseslərin tərkib hissəsidir. Qeyd edək ki, Hafiz Məmmədov Ziya Məmmədova yaxın şəxs kimi tanınırdı. Lakin son vaxtlar iş adamının “vurulması” barədə məlumatlar gəlir. “Bank of Azerbaijan”ın ondan alınması da Hafiz Məmmədovun vurulması ilə əlaqələndirilir. Bildirilir ki, London taksilərinin Bakıya gətirilməsini də Hafiz Məmmədov təşkil edib. Indi onun “vurulması” gömrük komitəsinin sədri Aydın Əliyevi narahat edib. Bu baxımdan o da iş adamı tamamilə müflis edilməmiş borcunu geri almağa çalışır.
Qeyd edək ki, London taksilərinin qiyməti 30-32 min manat civarındadır, mühərrikinin gücü isə 2500 kubsantimetrdir. Bu halda London taksilərinin hər birinin gömrük rüsumu 8000-8500 manat civarındadır.