Rusiyanın ikinci ən böyük bankı sayılan “Bank VTB” ASC-nin səhmlərinin bir hissəsi Dövlət Neft Fonduna məxsusdur
Məhəmməd Talıblı: “Neft Fondu bu vəziyyətdə konkret qərarını verməlidir”
Avropa Birliyinin sanksiya tətbiq etdiyi Rusiyanın bir sıra bankları ilə Azərbaycanla sıx əməkdaşlıq edən maliyyə qurumları da var. Rusiyanın ikinci ən böyük bankı sayılan “Bank VTB” ASC-nin səhmlərinin bir hissəsi Dövlət Neft Fonduna (DNF) məxsusdur. Eyni zamanda, həmin bankların Azərbaycanda da nümayəndəliyi fəaliyyət göstərir. Belə ki, Bank VTB (Azərbaycan) ASC – Bank VTB ASC-nin törəmə bankı sayıldığından sanksiyalar Azərbaycandakı filiala da tətbiq ediləcək.
Bank VTB ASC-nin əsas səhmdarı 60.9 faiz paya malik Rusiya hökumətidir. DNF isə adıçəkilən maliyyə təşkilatının 3 faiz səhm paketinin alınmasına 500 mln. ABŞ dolları sərf edib. Fondun prezidenti Şahmar Mövsümov “VTB”nin Direktorlar Şurasının üzvüdür.
Sanksiyalar tətbiq edilən iki bankda – “Qazprombank” və “Bank VTB” ASC Dövlət Neft Fondunun valyutalarının bir hissəsi rus rublunda depozit şəkilində yatırılıb. Belə ki, “Qazprombank”da 78,8 milyon, “Bank VTB” ASC-də isə 49 milyon manat dövlət əmanətimiz var. Avropa Birliyinin sanksiyası Azərbaycan dövlət vəsaitləri hesabına qoyulan bu investisiyalara necə təsir göstərəcək?
Neft Fondu bu proseslərdə hansı itkilərlə üzləşə bilər?
Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblı Neft Fondunun aktivlərinin diversifikasiya siyasətinə uyğun olaraq bir neçə ölkədə daşınmaz əmlaka və maliyyə bazarlarına yerləşdirilməsinin bazarın xarakterinə uyğun olaraq dəyişə biləcəyini deyir. Çünki daşınmaz əmlak bazarı əsasən sabit və nisbi dəyişən bazar növüdür. Maliyyə bazarı isə əsasən sürüşkən və dinamik bazardır. Ona görə bu bazarlarda yerləşdirilən investisiyalar bazarın tipinə və tempinə uyğun olaraq dəyişikliyə məruz qalır. Neft Fondunun aktivlərinin VTB bankda yerləşdirilməsi və həmin bankın Rusiyanın bank sektoru kimi fəaliyyət göstərməsi həmin dövlətə olan beynəlxalq sanksiyaların yaradacağı təhlükə ilə bağlıdır.
Ekspertin sözlərinə görə, Rusiyaya olan sanksiyaların üçüncü mərhələsi daha şiddətli olacaq. Bu sanksiyaların budəfəki hədəfi sektoral xarakterli olacaq, iqtisadiyyatın müxtəlif sektorlarına daha ünvanlı və dərinləşmiş formada baş verəcək. Burada maliyyə sektoruna təsirlər daha dərin izlər qoyacaq: “Maliyyə, bank, sığorta və s. sahələrdə təhlükələr qaçılmazdır. Sadəcə olaraq mübahisələr həmin təsirin qədəri və ya həddi ilə bağlı ola bilər. Demək, bu vəziyyətdə həmin sahələri gözləyən təhlükələrdən uzaq durmaq və sərmayəni həmin sahələrdən çıxarmaq lazımdır. Neft Fondu bu vəziyyətdə real təhlükənin olması duyulan, lakin real nəticələri gözlə görünməyən vəziyyətlə bağlı konkret qərarını verməlidir. Həmin qərarla VTB bankdan aktivlər geri alınmalı və müqavilə öhdəliklərinə uyğun olaraq gələcək üçün nəzərdə tutulmuş gəlirlərimizin müəyyən bir qismindən imtina edilməlidir. Çünki, belə risklər nəinki gəliri, hətta aktivlərimizin taleyini də sual altına qoya bilər. Əslində, harada investisiya strategiyası var, orada mütləq mənada risklərin idarəedilməsi strategiyası da olmalıdır. Neft Fondu belə strategiyadan istifadə etməlidir”.
Fizzə