“Azadlıq” xalqa müraciət etdi

 

Əliyev hakimiyyəti artıq sonuncu nəfəsliyi da bağlamaq istəyir…

“Azadlıq” qəzeti 4 günlük fasilədən sonra yenidən çap olunur. Amma üzləşdiyi problemlərin tam həllinə nail olmayıb. Ona görə də “Azadlıq” olaraq, Azərbaycan xalqına müraciət edirik.

Əziz həmvətənlər!

Biz dörd gün Sizinlə görüşə gələ bilmədik. Ona görə yox ki, “Azadlıq” oxucuların rəğbətini qazana bilmir, ona görə ki, məhz biz oxucuların istədiyi qəzeti buraxırıq. Ona görə ki, “Azadlıq” Sizin probleminizdən yazır, bu problemləri yaradanlar da bunu istəmirlər. Hökumətin “Qasid” yayım firması bizim haqqımız olan pulumuzu vermir. Bu səbəbdən də “Azadlıq” məcburi fasilədən sonra indi Sizinlə görüşünüzə gəlir. Bununla belə, bir neçə gündən sonra yenidən qəzetin çapının dayanmaq təhlükəsi var.

Ona görə də Sizə müraciət edirik, dəstəyinizi bizdən əsirgəməyin!

Siz bizə dəstək olun ki, irtica azadlığımızı boğmasın!

“Azadlıq” qəzetinin Sizdən bir təvəqqesi var. Imkan daxilində kömək edin ki, Sizin səsinizi dünyaya çatdıraq!

Əliyev hakimiyyəti artıq sonuncu nəfəsliyi da bağlamaq istəyir. Bu addıma biganə qalmaq, bütövlüklə cəmiyyətin məhv olmasına göz yummaq olardı…

***

İyulun 31-də “Azərbaycan” nəşriyyatı tərəfindən çapı dayandırılan “Azadlıq” qəzeti avqustun 6-da yenidən köşklərdə olacaq. 

Xatırladaq ki, “Azərbaycan” nəşriyyatının rəhbərliyi “Azadlıq”ın onlara olan 20 min manat borcunu ödəməyi tələb edirdi. Hazırda borcun bir qismi ödənildiyindən qəzetin capına icazə verilib.

azadliq.info