Tərtərin icra başçısı “Azadlıq”a nələri danışdı?

“Heç kim evini tərk etməyib”

“Yaşayış məntəqələrində əhali öz yerindədi. Hər kəs öz işiylə – əkin-biçinlə, mal-qarayla məşğul olur. Heç birinin problemi yoxdur. Kəndlərə işıq, qaz, su 24 saat təmin olunur. Əhalinin əhval ruhiyyəsi yaxşıdı” – bunu “Azadlıq”a Tərtər rayonun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. O, bəzi media orqanlarında yayılan məlumatların həqiqətə uyğun olmadığını sööyləyib. İcra başçısının sözlərinə görə, kəndlərdə köç yoxdur: “Bəzi KİV-lərdə bəzi kəndlərin boşaldıldığını, əhalinin köç edildiyini, qadınların, uşaqların çıxarıldığı haqda məlumatlar yayılıb. Bu həqiqəti əks etdirmir. Əhalinin hamısı rayondadır. Heç kim evini tərk etməyib”.

Müstəqim Məmmədov onu da bildirdi ki, təmas xəttinə yaxın olan kəndlərdə torpaqdan bənd vurulub: “Bu da camaatın təhlükəsizliyini təmin edir. Azərbaycan əsgəri, Azərbaycan ordusu hər qarış torpağımızı qorumağa hazırdı. Bir daha təkrar edirəm hər şey qaydasındadı. Əhalinin köç etməsi, kəndlərin boşaldılması xəbərləri yalandı. Dünən Qapanlıda iki toy olub. Böyükdən kiçiyə qədər hamı kənddə idi”.

Adi iş rejimində olduğunu deyən icra başçısı onu da qeyd etdi ki, abadlıq işləri, içməli suya ehtiyacı olan kəndlərə su xətlərinin çəkilməsi davam edir.

Ramin DEKO