Bir müddət əvvəl “Diktator” adlı qısametrajlı film çəkilib. Cəmi 1 dəqiqə 45 saniyəlik film azadlıq uğrunda mübarizə aparan xalqlara həsr olunub. Filmin əsas qayəsi budur ki, azadlıq uğrunda mübarizə gec-tez nəticəsini verir, diktatorlar əvvəl-axır məğlub olur, xalqdan aldıqlarını geri qaytarmaq məcburiyyətində qalırlar.
Filmin sonunda Çarli Çaplinin “Gəlin, elm və inkişafın bütün insanların xoşbəxtliyinə gətirib çıxaracağı bir dünya uğrunda mübarizə aparaq” fikrindən sitat verilib.
Filmin prodüsseri İnsan Haqları Klubunun rəhbəri, bugünlərdə həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərovdur.
Rəsul Cəfərov hüquq-müdafiə sahəsində, o cümlədən Azərbaycandakı siyasi məhbusların siyahısının hazırlanması, ölkədəki qanunsuzluq və özbaşınalıqların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinə görə onsuz da hökumətin hədəfində idi. Məlumata görə, iyulun 16-da “youtube”a yerləşdirilən bu film Rəsul Cəfərovun həbsini sürətləndirən amillərdən biri olub.
azadliq.info