“Eksprementalnı”nın baş həkiminə ilginc ittihamlar

Yusif Əliyev xəstəxana mühafizəçilərinin müraciətinə aydınlıq gətirdi

Topçubaşov adına Elmi-Cərrahiyə İnstitutunun baş həkimi Yusif Əliyev xəstəxananın mühafizəşiləri Ramil Şükürov, Rövşən Cəfərov, Orxan Cəfərov, Hicat Şirinov, Zakir Həsənov və Rəşad Mahmudovun ittihamlarına cavab verib. Yusif Əliyev “Azadlıq”a bildirib ki, mühafizəçilərin müraciətində əks olunan ittihamların heç bir əsası yoxdur: “Əvvəla, xəstəxananın mühafizə işinə mən baxmıram.  Mənim işim müalicə işidir. İnstitutun direktoru var, həmin mühafizəçilərlin rəisi ilə söhbət edib və heç bir problem olmadan mühafizə işi onlardan alınıb. Çünki bu adamlar işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. İndi işdən çıxıblar deyə, belə ittihamlar səsləndirirlər. Onların dediklərinin heç bir əsası yoxdur”.

***

“Topçubaşov adına Elmi-Cərrahiyə İnstitutunun baş həkimi Yusif Əliyev öz maraqlarına xidmət edən mühafizə xidməti yaradıb. Həmin mühafizə xidməti heç bir dövlət orqanında qeydiyyatdan keçməyib”. Bu sözləri “Azadlıq”a ünvanladıqları müraciətdə həmin xəstəxananın mühafizəsini həyata keçirən mühafizə xidmətinin əməkdaşları Ramil Şükürov, Rövşən Cəfərov, Orxan Cəfərov, Hicat Şirinov, Zakir Həsənov və Rəşad Mahmudov bildirib. Onların sözlərinə görə, Yusif Əliyevin yaratdığı mühafizə xidməti xəstə ziyarətinə gələnlərdən pul alaraq baş həkimə ödəyirlər. Müraciətdə baş həkimlə bağlı başqa ilginc faktlar da var. Mühafizəçilər yazır: “Bundan başqa xəstəxanın daxilində qanunsuz xüsusi dayanacaq yaradıblar. Baş baş həkimə xidmət edən məlumat şöbəsinin işçisi Ayan xanım mədə-bağırsaq, damar, zob xəstələrini birbaşa baş həkimin qəbuluna aparır. Baş həkim hər əməliyyat üçün Ayan xanıma faiz ödəyir. Yusif Əliyev gün ərzində 2-3 xəstə əməliyyat edir, hər əməliyyat üçün külli miqdarda pul alır. Xəstəsi çox olanda başqa həkimlərə satır. Bir sözlə xəstəxanada xəstə alveri gedir. Onların da başında duran Yusif Əliyevdir. Müayinələr – rentgen, tomoqrafiya, UZİ-nin qiymətləri  15 AZH-dən başlayaraq 160 AZH-ə qədərdir. Xəstəxənada pulsuz heç bir şey mümkün deyil. Bundan dərman firmaları xəstəxananın yuxarı mərtəbələrinə çıxıb dərmanlarını həkimlərə təqdim edirlər. Hansı həkim xəstələrə çox dərman yazarsa bunun müqabilində həmin həkimə firmalar çoxlu pul ödəyirlər. Bunun üçün də onlar baş həkimdən buraxılış qəbzi alırlar. Hər qəbz bir il üçün 500 AZH-dir. Hal Hazırda 60-a yaxın dövlət xəstəxəanasında alver edirlər. Baş həkim də öz imzası ilə onlara qəbz verir. Səhiyyə Hazirliyi və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göndərişilə gələn xəstələri baş həkim qəbul edir. Gələn xəstələrin pulları olmayanda onları bacarıqsız həkimlərin üstünə göndərir. Həticədə keçən ay xəstəxəanada 6 nəfər ürək əməliyyatından – anjo stentdən dünyasını dəyişib”.

Bu müraciətin bir surəti də ölkə başçısı İlham Əliyevə, xanımı Mehriban Əliyevaya və səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanıb. Müraciət müəllifləri Topçubaşov adına Elmi-Cərrahiyə İnstitutunda baş verənlərlə bağlı tədbir görülməsini xahiş edirlər.

“Azadlıq” mühafizəçilərin yazdıqları ilə bağlı Yusif Əliyevin mövqeyini öyrənməyə çalışıb. Baş həkim mobil telefonuna zəng etsək də, “Yusif həkim, əməliyyatdadır, ağır əməliyyat olduğu üçün gec çıxacaq” cavabı alıb. Bununla belə onun da mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı Səhiyyə Hazirliyi ilə də əlaqə saxlamağa cəhd etdik. Lakin nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin mobil telefonuna zəng çatmadı.