Dövlət Departamenti Leyla Yunusun həbsilə bağlı bəyanat verdi

ABŞ Dövlət Departamenti Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə bağlı bəyanat verib. Dövlət Departamentinin sözçüsü Mari Harfın açıqladığı bəyanatda Birləşmiş Ştatlar Azərbaycan hökumətini vətəndaşların əsas hüquqlarına hörmət etməyə çağırıb. Bəyanatda deyilir:

“Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı iyulun 30-da cinayət ittihamlarının irəli sürülməsi dərin narahatlıq doğurur və Azərbaycanda sivil cəmiyyətin dinc fəaliyyətinin daha da məhdudlaşdırılmasını göstərir. Xanım Yunus səhhətində ciddi problemlərin olmasına baxmayaraq, həbsdə saxlanılır. Cənab Yunusun ciddi sağlıq problemləri var və o, ev dustağıdır. Bu ittihamlar onların regionda insanlar arasında gərginliyin azaldılması və etimad yaradılması məqsədi güdən proqramlarda iştirakı ilə əlaqədardır.
Biz Azərbaycan hökumətini vətəndaşların əsas hüquqlarına hörmət etməyə, bütün vətəndaşlar üçün ədalətli məhkəmə sistemi təmin etməyə və insan hüquqlarına dair beynəlxalq təhəddüdlər və öhdəliklərə uyğun olaraq onların öz fikirlərini azad şəkildə ifadə etməsinə imkan verməyə çağırırıq”.