Tovuz sakinləri: «Bizim özünəqəsddən başqa əlacımız yoxdur və bunun məsuliyyəti rəhbər şəxslərin üzərində qalacaq»
Tovuz rayonu, Ağbulaq kənd sakinləri Məleykə Həsənova, Qələm Tağıyeva, Fəridə Tağıyeva və Mirvari Vəliyeva dövlət başçısı Ilham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladıqları şikayət məktubunun surətini “Azadlıq”a da göndəriblər. Tovuz sakinləri dolanışıqlarını təmin edən mal-qaralarının oğurlandığını, müvafiq qurumların məsələyə biganə yanaşdığını, cinayətkarların tapılıb cəzalandırılmadığını yazır:
“Bu müraciəti artıq 29-cu dəfə etməyə məcburuq. Bizim şikayətimizə bugünədək heç kim baxmayıb. Biz Tovuzun Ağbulaq kəndində həm erməni işğalçılarına, həm də zəhmətkeşlərə qənim kəsilən müftəxorlara qarşı mübarizə aparmağa məcburuq. Onlar bizə asudə yaşamağa imkan vermirlər. 12 may 2013-cü ildə bizim 7 baş iribuynuzlu mal-qaramızı oğurlayıblar. Mal-qaranı sərhəd xidmətində bir nəfər əsgər də görüb. Itən heyvanların axşam saatlarında Kirən kəndinə, daha sonra Yanıqlı kəndinə aparıldığını görüblər. Bu barədə dəfələrlə əlaqədar orqanlara, hüquq-mühafizə təşkilatlarına müraciət etmişik. Ağbulaq kənd sahə müvəkkili, Tovuz rayon cinayət axtarış şöbəsi, polis idarəsi, Daxili Işlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Məclis və digər orqanlara şikayət ərizəsi yazmışıq. Lakin indiyədək bu hadisənin üstü açılmayıb. Biz heyvanlarımızı kimin oğurladığını bilirik, lakin səlahiyyətimiz yoxdur ki, onları sorğu-suala çəkək və yaxud məsuliyyətə cəlb edək. Bizim dolanışığımız saxladığımız mal-qaradan çıxır, onu da oğurlayıblar. Əlaqədar orqanlar isə heç bir iş görmür.
Martın 4-də Prezident Administrasiyasında olduq. Bizi Daxili Işlər Nazirliyində Emin Şəkinskinin qəbuluna göndərdilər. O, bizə söz verərək, haqlı şikayətimizin bir həftə ərzində ədalətli həllini tapacağını söylədi. Lakin heç bir nəticə olmadı. Azyaşlı övladlarımızı dolandıra bilmirik. Məcburuq ki, bu dəfə azyaşlı övladlarımızı da özümüzlə Bakıya gətirib, onları Prezident Aparatının qarşısında qoyub canıma qəsd edək. Bütün əsaslar olduğu halda, bu hadisənin üstü niyə açılmır?
Bizə Respublika Prokurorluğunda söz verdilər ki, bir həftə ərzində şikayətimizə baxılacaq. Rəhbər şəxslərin bir həftəsi iki ay oldu. Ölkədə sadə vətəndaşların şikayətinə baxan bir rəhbərin tapılacağı ümidilə biz hələ ki dözürük. Tovuzla Bakı arasında qalmışıq. Bizi dinləyən bir təşkilat yoxdur. Odur ki, müraciətimizi qəzet vasitəsilə ölkə rəhbərinə çatdırmaq istəyirik. Xahiş edirik, mal-qaramızın tapılmasına və bu işdə günahı olanların cəzalandırılmasına kömək edin. Bizim özünəqəsddən başqa əlacımız yoxdur və bunun məsuliyyəti rəhbər şəxslərin üzərində qalacaq”.
Sosial şöbə