Zəlimxan Məmmədli: «Mənasız layihələrə milyonlar xərcləyir, amma bizim müraciət əhəmiyyət vermir»
Xətai rayonunun sabiq icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimova yenidən müraciət edib. Facebook-da yazdığı statusda Z.Məmmədli Nazim İbrahimova ünvanladığı sorğuların cavabsız qalmasından şikayətlənib:
“Cənab komitə sədri, sizə etdiyimiz rəsmi müraciətlərdən hələ ki, xəbər yoxdur. Bu müraciət həm də sayca 6-cı olmalıdır. Vaxt daralıb. 3 avqust 20 minə yaxın soydaşımız qonaqlarla birlikdə Cənubi Qafqazda soydaşlarımızın unikal icadı olan “Borçalı Türklərinin Elat Mədəniyyəti günü” tədbirinə hazırlaşırlar. Nə zamansa Gürcüstanda yaşayan soydaşlarımıza nəzər yetirə biləcəksinizmi? Bağışlayasınız gərək.
Susqunluğunuz və görməməzliyiniz məni sosial şəbəkə ilə müraciət etmək məcburiyyətində qoydu. Ramazan bayramınız mübarək, imanınız kamil olsun!”.
«Azadlıq»a açıqlamasında Zəlimxan Məmmədli hər il Gürcüstanda yaşayan soydaşlarımızla bağlı mötəbər tədbir keçirdiklərini yada saldı. On minlərlə insanın, Türk dünyasının tanınmış ismlərinin qatıldığı tədbir Borçalı türklərinin tanınmasında, Azərbaycan mədəniyyətinin təbliğ olunmasında, bölgədə barış və sülh fəlsəfəsinin önə keçməsində, Gürcüstan-Azərbaycan-Türkiyə əlaqələrinin daha da artan xətt üzrə inkişafında mühüm rol oynayır. Bununla bağlı həm Gürcüstanın, həm Azərbaycanın dövlət hakimiyyəti orqanlarına müvafiq müraciətlər edilib. Konkret halda Nazim İbrahimova, dövlət başçısına, digər qurumlara bu tədbirdə yaxından iştirakla və dövlətin bu tədbirə əl qoyması ilə bağlı müraciət edilib: «Nazim İbrahimova bu tədbirin maliyyələşməsi ilə bağlı müraciət etmişik. Lakin bu günə qədər göndərdiyimiz müraciətlərə heç olmasa etika xatirinə belə cavab verməyib. Bəzi zəngin, pulun içində itib batan qurumlar utanc hissini itirərək bizə məktub yazırlar ki, maliyyə imkanları məhdud olduğuna görə bunu edə bilmirik. Onlardan milyonlar istəmirik. Bu tədbiri keçirmək üçün 30-40 manat yetərlidir. Amma Nazim İbrahimov susur».
Z.Məmmədli ictimaiyyətin diqqətini məsələyə yönəltmək məqsədi ilə sosial şəbəkə vasitəsilə komitə sədrinə müraciət etdiyini qeyd etdi. Bu təhdid deyil, sadəcə olaraq umacaqdır: «Milli maraqlarımız olan yerdə nə müxalifət, nə iqtidar olur. Dövlət bu tədbirə əl qoymalıdırlar. Bu, atamın mənə etdiyi vəsiyyət deyil. Hər bir Azərbaycan türkünün borcudur ki, soydaşlarımıza sahib çıxsın. O cümlədən Nazim İbrahimov məsələyə diqqət yetirməlidir. Mənasız layihələrə milyonlar xərcləyir, amma bizim müraciət əhəmiyyət vermir və özünü görməzliyə vurur».
Fizzə