Nüsrət İbrahimov: «Bazar tam dolub və müəyyən həzm prosesinə ehtiyac var»
2014-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 147,5 milyon dollar dəyərində 11,96 min minik avtomobili ixrac olunub. “Trend”in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir.
Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,82 faizini təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 22,25 faiz, say nisbətində isə 7,9 min ədəd (39,9 faiz) azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 189,6 milyon dollar həcmində 19,901 min avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə bu ilin aprel ayının 1-dən başladığı Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 290,2 milyon dollar olub ki, bu da Gürcüstanın ümumi ixracının 20,4 faizini təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 12,8 faiz azalıb. Müqayisə üçün: ötən ilin ilk 6 ayında Azərbaycana 332,8 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.
Bəs, Azərbaycanın Gürcüstandan avtomobil idxalını 40 faiz azaltması qiymətlərə necə təsie edəcək və idxalın azalması başqa hansı səbəblərlə bağlıdır?
Iqtisadçı ekspert Nüsrət Ibrahimov bildirdi ki, həm avtomobil bazarının yüklənməsi, həm də AVRO-4 standartlarının tətbiqi idaxalın azaldılmasına səbəb olub: “Gürcüstandan əsasən köhnə avtomobillər idxal edilir. Təzə avtomobillər isə, digər ölkələrdən gətirilir. Ümumi mənzərə onu göstərir ki, insanlar təzə avtomobillərə daha çox üstünlük verir. Çünki, köhnə avtomobillər daha çox istismar xərci tələb edir. Hesab edirəm ki, avtomobil bazarında qiymət artımı müşahidə olunmayacaq. Əksinə, köhnə avtomobillərdə qiymət enməsi ola bilər. Çünki, bazarda alıcı aktivliyi aşağı düşüb. Idxalın azalmasına həm yeni AVRO-4 standartlarına keçid, həm də bazarın tutumu səbəb ola bilər. Köhnə avtomobillər bu standartlara cavab vermir. Digər tərəfdən, bazar tam dolub və müəyyən həzm prosesinə ehtiyac var. Ona görə də bir müddət idxaldakı azalma müşahidə olunacaq”.
Akif