Sumqayıtda Qarabağ veteranına zülm edilir

O, ona ayrılmış torpaq sahəsini özəlləşdirə bilmir

Icra strukturları onunla «ötür-ötür» oyunu oynayır

Sumqayıt şəhər sakini, Qarağab Müharibəsi veteranı Ağaməmmədov Mübariz Idris oğlu, “Azadlıq”ın elektron poçtuna yazaraq bildirir ki, illərdir sənədləri qaydasında olmasına baxmayaraq torpaq sahəsini sənədləşdirə bilmir. O, Sumqayıt şəhər IH, Şəhər Memarlıq Idarəsi, Bələdiyyə tərəfindən süründürməçiliyə məruz qalıb.

Onun yazdığına görə, 1994-cü ildə Sumqayıt şəhər IH-dən Qarabağ Veteranları Birliyinə 1 saylı çörək zavoduna yaxın ərazidə 100 m2 sahəsi olan torpaq sahəsi ayrılıb. “Qarabağ Veteranları Birliyinin Idarə və Sədrlər Şurasının razılığına əsasən Sumqayıt şəhər IH başçısı E.Əzizova həmin torpaq sahəsinin mənim adıma özəlləşdirilməsinə dair məktub göndərilib. Mən dəfələrlə Sumqayıt IH başçısı E.Əzizova müraciət etməyimə baxmayaraq həmin torpaq sahəsini sənədləşdirə bilmirəm. Qəbuluna yazılsam da başçı məni qəbul etmir. Problemimlə bağlı uzun yazışmalardan sonra E.Əzizov Sumqayıt şəhər Memarlıq Idarəsinə göstəriş verməsinə baxmayaraq məsələ həllini tapmadı. Bu uzun süründürməçilikdən sonra mən məcburiyyət qarşısında qalaraq dövlət başçısı Ilham Əliyevə, Mehriban Əliyevaya dəfələrlə şikayət ərizəsi yazmışam. Prezident Administrasiyasından Sumqayıt şəhər IH-ə problemin həlli ilə bağlı tapşırıq verilib. Sumqayıt IH-ə göndərilən məktubun bir surəti də mənə göndərilib. Buna baxmayaraq yenə də Qarabağ Veteranları Birliyinin mənim adıma vermiş olduğu torpaq sahəsini sənədləşdirə bilmirəm. Uzun illərdir ki, xəstəyəm. Səngər həyatı səhhətimdə dərin izlər qoyub. Bu yaxınlarda həkim müayinəsindən keçərkən məlum oldu ki, xroniki böyrək xəstəliyinə düçar olmuşam. Bir böyrəyim funksiyasını itirmək üzrədir. Imkansızlıqdan müalicə oluna bilmirəm. Maddi vəziyyətimlə əlaqədar üz tutacaq kimsəm yoxdur. Işsizəm, 2 övladım və ailəmlə birgə valideyn himayəsində yaşayıram. Həmin torpaq sahəsini sənədləşdirə bilsəm maddi vəziyyətimi düzəldə bilərəm. 3 il Qarabağ döyüşlərində olmuşam. Təsəvvür etmirdim ki, dövlət məmurları mənə qarşı belə laqeyd olsun.

Ağaməmmədov Mübariz sonuncu dəfə dövlət başçısına yazdığı ərizənin PA-dan yenə də Sumqayıt şəhər IH başçısı Eldar Əzizova göndərildiyini bildirir. Sumqayıt IH tədbir görmək əvəzinə onun ərizəsinə baxılması üçün Sumqayıt şəhər Memarlıq Idarəsinə göndərib. Şikayətçi ərizəsinin sorağı ilə şəhər Memarlıq Idarəsinə üz tutub. Ona bildirilib ki, ərizəsinə baxılması üçün Sumqayıt şəhər Bələdiyyəsinə göndərilib. Şikayətçi şəhər Bələdiyyəsinə gedərək onun ərizəsinə verilmiş cavabı alıb. Aldığı cavab onu məyus edib. Şəhər bələdiyyəsinin məktubunda bildirilir: “Hazırda Sumqayıt Şəhər Bələdiyyəsinin torpaq fondunda sərbəst torpaq sahələri mövcud olmadığından Sizin müraciətinizin müsbət həlli Sumqayıt Bələdiyyəsinin imkanı xaricindədir”.

Bu absurd bir cavabdır. Sumqayıt Qarabağ Veteranları Birliyinə ayrılmış sahə hələ də tam sərbəstdir. Çox güman ki, iştahlarından həmin sahəni satmaq keçir. 

Şikayətçi daha sonra bildirir ki, Sumqayıt şəhəri 11-ci mkrn-da yerləşən qaraj və avtomobil təmiri sexləri dağıdılaraq sakinlərin əlindən alınır. Əldə etdiyimiz məlumata görə, həmin ərazidə torpağın bir sotu 8-10 min manata satılır.

Əlində sənədləri olmasına baxmayaraq, Qarabağ veteranı ona Qarabağ Veteranları Birliyidən verilmiş torpaq sahəsini özəlləşdirə bilmir. Səbəb kimi böyük məbləğdə pulunun olmamasını bildirir. Qarabağ veteranı “Azadlıq” vasitəsilə ölkə başçısı Ilham Əliyevdən tələb edir ki, onun sənədlərinin qaydaya salınması üçün Sumqayıt şəhər IH başçısı E.Əzizova göstəriş versin. “Əgər bu mümkün deyilsə, bizi ailəlikcə bu ölkədən departasiya etdirin. Bu yaxın günlərdə sənədlərim qaydasına salınmazsa, ölkəmizdə yerləşən xarici nümayəndəliklərə müraciət edərək ailəliklə sığınacaq istəmək məcburiyyətində qalacam”.

Məktublar şöbəsi