Mirşahin Ağayevin çıxışı iqtidar KIV-lərinə nəzarət edən məmurlara ciddi xəbərdarlıqdır
Iqtidar daxilində mediaya nəzarət uğrunda savaş başladığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, xüsusilə Paşayevlər qrupu hakimiyyətyönlü medianı nəzarətə götürməyə can atır. Iqtidaryönlü mediaya nəzarətin hakimiyyətdəki “Naxçıvan” qruplaşmasının əlində olması Paşayevləri ciddi narahat edir.
Qeyd edək ki, hökumətyönlü qəzetlər və xəbər saytlarının bir qismi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, digər qismi isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Kəmaləddin Heydərovla Ramiz Mehdiyev iqtidardaxili ziddiyyətlərdə nəzarətlərində olan KIV-lərdən məharətlə yararlanması, siyasi məsələlərdə nəzarətlərində olan KIV-lər vasitəsilə öz mövqelərini hakimiyyətin mövqeyi kimi təqdim edə bilmələri, ictimai rəyi öz xeyirlərinə dəyişmələri Paşayevləri ciddi narahat edir. Bu baxımdan da Paşayevlər iqtidaryönlü KIV-ləri birmənalı şəkildə öz nəzarətləri altında saxlamaq istəyirlər.
Dünən ANS-in vitse-prezidenti Mirşahin Ağayevin çıxışı bu məsələni yenidən aktuallaşdırıb. Əvvəlcə, Mirşaşin Ağayevin çıxışındakı bəzi hissələrlə tanış olaq:
“…Azərbaycanda hər gün əsl informasiya diversiyaları baş verir. Kimin əlinin kimin cibində olduğu bəlli deyil. Kimsə harasa donos verir. Sanki kimlərinsə əlində olan şəffaf saplar, gah bu, gah digər fiquru tərpədir.
Bu diversiyalar Azərbaycanın öz içində baş verir. Içindən baş verir və içinə doğru baş verir. Yəqin ki, bu şəffaf sapların xaricdə kimlərinsə, barmaqlarına bağlı olanları da var və onların hərəkətə keçməsi üçün mütləq kimlərsə onlara barmaq eləməlidir. Və barmaq edildikcə mexaniki piano işə düşür…
…Mətbuat və media ilə yaxından tanış olduğumdan bilirəm ki, ilk baxışda vahid dövlətə xidmət etdiyini sezdirənlərin sızdırdıqları ayrı mətləblərdir. Ona görə də Birləşmiş Ştatların Azərbaycandakı səfirinin bu yaxınlarda qalmaqala səbəb olmuş və bəzi arqumentlərini elə bizim efirdə təkzib etdiyi müsahibəsindəki bir fikrə şübhəli qalırıq…
Səfirin hakimiyyətin monolit olmadığı barədə mülahizəsində ola bilsin ki, təhrif və ya korrektəyə ehtiyacı olan məzmun var. Amma burda doğruya bənzəyən nəsə də tapmaq olar. Axı doğrudan da informasiya diversiyasını törədən vasitələrin arxasında duranlar arasında bəzi iqtidar mənsublarının peysəri görünür. Onlar bir-biri ilə apardığı gizli mübarizədə baltanı oturduqları ağacın, dövlətimizin kökünə çaldıqlarının fərqində deyillər…
…Dövlət isə gərək zəif olmasın. O, belə halların qarşısını ən qəddar şəkildə almalı, qanunun sərt üzünü göstərməlidir. Bundan ötrü Daxili Işlər Nazirliyi var, Milli Təhlükəsizlik Nazirliyi var və yəqin ki, onların əməliyyat şəraitinin nəzarətdə olmasını sübut edən tutarlı arqumentləri var”.
Göründüyü kimi ANS-in vitse-prezidenti ad çəkməsə də, hakimiyyət daxilində bəzi qrupların nəzarətlərində olduğu media vasitəsilə öz maraqlarını qoruduğunu və bununla dövlətə zərbə vurduğunu bəyan edir. Özü də vəziyyət o həddədir ki, Mirşahin Ağayev dolayısı ilə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “hökumət monolit deyil” fikrini təsdiq edir. Çıxışının sonunda Mirşahin Ağayev dövləti bu cür fəaliyyətlərə qarşı sərt olmağa çağırır. Bununla da medianın bir cümləsinin vacibliyinə işarə vurur. Əlbəttə ki, onun bu çıxışını sıradan və təsadüfi saymaq doğru olmaz. Bu çıxış daha çox həmin məmurlara ciddi xəbərdarlıq xarakteri daşıyır. Və ehtimal etmək olar ki, hökumətyönlü media ayrı-ayrı məmurların nəzarətindən çıxarılaraq bir əldə cəmləşəcək.


