«Varlıların hesabatı»na görə, milyarderlərin sayı növbəti on ildə 38 faiz artacaq
Son dərəcə varlı insanların sayı artır və onların istəklərinin yerinə yetirilməsi üçün bütöv sənayelər yaranır. Bəs geniş sərvət əldə edən adamlar haradadır və biz onlar haqqında nə bilirik? Meqa-varlıların adlarının, saylarının və ehtiyaclarının təhlil edilməsi üçün şirkətlər və internet saytları qurulur. Istəsəniz, bu gün kimin ən varlı olmasını (bu həmişə kişilərdir) daim yenilənən saytlardan tapa bilərsiniz.
Beləliklə, varlılar və onların yüksəlişini təmin edən aləm haqqında bütün bu təhlillər barədə nə deyə bilərik?
“Wealth Insight” araşdırma şirkətinin apardığı illik “Varlıların hesabatı”na görə, milyarderlərin sayı 2023-cü ilədək 38 faiz artacaq və 2315-ə çatacaq.
“BBC Azərbaycan”nın məlumatına görə, milyarderlərin təxmini sayı o qədər də çox olmaya bilər, lakin hesabat 30 milyon dollar sərvəti olanların sayının artacağını proqnozlaşdırır. Bəzən “Ifrat Yüksək Şəbəkəyə daxil Varlı Fərdlər” (Ultra High Net Worth Individuals) qrupu kimi tanınan bu insanların sayı 28 faiz artaraq, 2023-cü ilədək 215 min nəfərə çatmalıdır.
Superzənginlərin dünyanın bütün regionlarında artacağı gözlənilir, lakin qarşıdan gələn onillikdə onlar inkişaf etməkdə olan iqtisadiyyatlarda daha çox artacaqlar.
Araşdırmaya görə, milyarderlərin əksəriyyəti Asiyadan olacaq və bu region Şimali Amerikadan da, Avropadan da irəli keçəcək. Lakin bunu da nəzərə almaq lazımdır ki, davam edən inflyasiya şəraitində 10 ildən sonrakı milyard dollar bugünkü milyard dollardan çox “ucuz” olacaq.
Əgər vəziyyətə ayrı-ayrı dövlətlər prizmasından yanaşsaq, ABŞ 2023-cü ildə də ən çox milyarderin yaşadığı ölkə kimi qalacaq. Lakin Çin, Rusiya və Hindistan yüksək artım yarışında olacaqlar.
Araşdırmanın maraqlı tapıntılarından biri də budur ki, özü multi-milyonçu olanların sayı, sərvətini irsi olaraq qəbul etmiş zənginlərdən iki dəfə çoxdur. Ona görə də, özü milyonçu olanların qarşısında dilemma dayanacaq: sərvətlərini övladlarına ötürsünlər, yoxsa onun böyük hissəsini xeyriyyəyə yönəltsinlər?
ABŞ-dan Çinə 20 il əvvəl köçmüş Edvard Zhu deyir ki, istedadlı adamlar sıfırdan başlamalıdır və o, öz övladları üçün də bunu arzulayır.
Sərvəti 30 milyon dollardan çox olan varlıların cinsi tərkibinə gəlincə, hər on zəngindən 9-u kişidir.
Və sonda təəccüblü görünməyəcək bir tapıntı da var: ifrat zənginlər özlərinə həyat yoldaşını asanlıqla tapırlar. Bu halda adətən, həm kişilərin, həm də qadınların ömürlük davam edəcək bağları təmin edilmiş olur.
Pensiyaçılar daha az çörək yeyəcək
Azərbaycanda minimum istehlak səbətinin tərkibində dəyişiklik olub. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. 2009-cu ildə Azərbaycanda əməkqabiliyyətli adama bir illik çörək norması 150 kiloqram müəyyən edilsə də, son dəyişikliyə görə, bu norma 13 kiloqram 200 qram azaldılıb. Pensiyaçılar üçün illik çörək norması 109 kiloqramdan 107-yə, uşaqlar üçünsə 100.5 kiloqramdan 98 kiloqrama endirilib.
Bunun əvəzində kartof, tərəvəz və bostan məhsullarının illik norması bir neçə kiloqram artırılıb. Illik meyvə və giləmeyvə norması əməkqabiliyyətli əhali qrupu və uşaqlar üçün olduğu kimi qalıb(Əməkqabiliyyətli adamlara 38, uşaqlar üçün 76 kq).
Pensiyaçılara düşən norma isə 6 kiloqram azaldılıb. Illik ərzaq normasında ət və ət məhsullarının payı bir-neçə kiloqram artırılsa da, bitki və kərə yağının miqdarı azaldılıb. Ən çox artım süd və süd məhsullarında olub – təxminən 13 kiloqram.
Hazırda bu norma əməkqabiliyyətli insanlar üçün 193.6, pensiyaçılar üçün 223.1, uşaqlar üçün 247.5 kiloqramdır.
Təsdiq edilən yeni siyahıda qeyri-ərzaq mallarının siyahısında hər hansı dəyişiklik yoxdur.
Xidmət sektoru üzrə nəqliyyat, su və kanalizasiya təchizatında dəyişikliklər var. Su və kanalizasiyadan istifadə etmək üçün norma 1 ayda 6 kubmetrdən 5 kubmetrə endirilib. Nəqliyyatdan istifadə əməkqabiliyyətli əhali üçün ildə 606 gedişdən 692-yə, uşaqlar üçün 370-dən 406-ya qaldırılıb. Pensiyaçılar üçün olduğu kimi saxlanılıb.
Yerli iqtisadçılar minimum istehlak səbətinin həcminə görə Azərbaycanın Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan, Özbəkistan və Rusiyadan geri qaldığını bildirilər.
Dəyişiklik qərarı 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
“Azadlıq” radiosu


