TSEK sədri ölünü müayinədən keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan komissiya haqda şok sənəd yayılıb. Azerinfo.org xəbər verir ki, sənədi Cəlilabad rayonu Alıqasımlı kəndi sakini Abıyev Habil Heydər oğlu açıqlayıb. Onun şikayət məktubunu və sənədli faktını təqdim edirik:
“Yazıb sizə bildirirəm ki, Cəlilabad rayonunda yerləşən 30 saylı Tibbi-Ekspert Komissiyasının rəhbəri Xoşbəxt Ağayevanın saxtakar əməlləri ilə bağlı dövlət orqanlarına müraciət etmişdik.
Xoşbəxt Ağayeva vəfat edən və Rusiyada olan vətəndaşların sənədlərini saxtalaşdıraraq dövlətin pullarını mənimsəyir. TSEK-i rüşvət yuvasına çevirib, o, bura vəzifəyə göndəriləndən sonra “tas” ikiqat qalxıb. Cəlilabad rayonu Günəşli kənd sakini Imanova Zəminə Əlgüşad qızı 2012-ci ilin iyun ayında vəfat etmişdir. Lakin 30 saylı TSEK-in rəhbəri Xoşbəxt Ağayeva onu komissiyada müayinədən keçirərək xəstəliyini təsdiq etmişdir. 363 nömrəli saxta protokol Xoşbəxt Ağayevanın imzası ilə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad şöbəsinə göndərilmişdir. 16.04.2014-cü ildə tərtib olunmuş həmin protokolda mərhum Zəminə Imanovanın sıra nömrəsi 137, ona yazılmış arayışın nömrəsi isə 374 494-dür. Həmin protokolların əlimizdə olan sürətini sizə göndəririk ki, araşdırılsın və cinayətə hüquqi qiymət verilsin. Bu işi Xoşbəxt Ağayeva rüşvət alaraq görmüşdür.
Dövlət orqanlarına bu barədə məktubumuzdan sonra Xoşbəxt Ağayeva öz yanına çağırdı. Hamımızı ağır küçə söyüşləri ilə təhqir etdi, həbs etdirəcəyi ilə hədələdi. Dedi ki, gedin hara şikayət edirsinizsə edin, mənim adamım var, nə yolla olursa olsun bu işi bağlatdıracağam, amma sizə pis olacaq! Indi həyatımız təhlükədədir, Xoşbəxt Ağayeva bizi şərləyərək tutdurmaq istəyir. Biz bu işi qaldıranlar Qarabağ veteranları və xəstə adamlarıq, əsəblərimiz tamamilə tarıma çəkilib.
Xahiş edirik ki, bu məsələni işıqlandırın və dövlət təhlükəsizliyimizin təminatı üçün tədbirlər görsün. Xoşbəxt Ağayevanın saxtalaşdırdığı həmin kağızların, ölmüş adamın adına saxtalaşdırdığı dövlət sənədlərinin surətini sizə göndəririk ki, baxasınız. Bu adam hüquq-mühafizə orqanlarına rüşvət verərək, sudan quru çıxmaq istəyir. Azərbaycan dövlətçiliyinə ləkə gətirilməsinin qarşısının alınmasını özümüz və Cəlilabadın çoxsaylı camaatı adından sizdən xahiş edirik”.


