Dilavər Əzimli: «Bəzən mənə elə gəlir ki, bunu qəsdən edirlər»
Iyunun 13-də 20 min nəfər XI sinif şagirdlərinin verdiyi test imtahanı nəticəsində 5 mindən çox şagirdin “Ana dili”, 5 mindən çox şagirdin isə “Riyaziyyat” fənnindən “2″ almasını təhsil ekspertləri, təcrübəli pedaqoq və elm xadimləri əsl faciə kimi dəyərləndirib. Moderator.az-a açıqlama verən tarixçi alim Dilavər Əzimli mövcud təhsil siyasətinin gələcəkdə də xalqımıza fəlakətli nəticələr vəd etdiyi qənaətindədir:
“Neçə illərdir ki, ali məktəblərdə tədrislə məşğulam. Aparılan təhsil siyasəti bu xalqı uçuruma sürükləyir. Bəzən mənə elə gəlir ki, bunu qəsdən edirlər. Avropa ölkələrində bu üsulla dərs keçmirlər. Tələbələrlə ünsiyyət zamanı müşahidə etmişəm ki, onlarda yalnız əzbərçilik yaranıb. Bundan kənara çıxa bilmirlər. Açıq suallardan çəkinirlər. Testlə işləməyə üstünlük verirlər. Çünki məntiqi olan testi tez həll edir. Açıq sual isə düşüncə tələb edir. Güclü dəyişikliklər etmək lazımdır. Əks halda biz orta məktəb bazasını itirəcəyik. Indi orta məktəblərin əksəriyyəti yalandan fəaliyyət göstərir. Orada işləyən müəllimlər repetitorluq üçün çalışırlar. Onlar məktəbə özlərinin gəlir mənbəyi kimi baxırlar. Elə müəllimlər var ki, 100-dən artıq şagirdi hazırlaşdırır. Ən aşağı qiymət də 80 manatdır. Bu mənada orta məktəbə getməyin mənası varmı? Bundan çıxış yolu var: bu da müəllimlərin maaşını artırmaq.
Bu gün məktəblərə işə düzələn müəllimlərin əksəriyyəti başqa məqsədlə ora düzəlur. Bu da şagird hazırlığını ələ keçirmək məqsədidir. Məktəb partasından ali məktəbə yollanan şagird orada da eyni sistemlə üzləşir. Ali məktəb müəllimləri az maaş aldıqlarından tələbələri sıxışdırmağa başlayırlar. Dünən yüksək bal toplamış şagird ali məktəb kursunu mənimsəyə bilmir. Nəticədə “starostalar” işə düşür. Rüşvət hər şeyi həll edir. Hesab edirəm ki, tələbədən rüşvət almaq şərəfsizlikdir. Rüşvət almaq özünü satmaq kimi bir şeydir. Bütün günahlar dövlətin üzərinə gəlir. Baxın, bu gün ən az maaş alan təbəqə müəllimlərdir, elm adamlarıdır. Belə olan halda təhsili düzətmək olarmı? Əsla. Hesab edirəm ki, nəticələr daha da pisləşəcək”.


