Akademiklərə müraciət: Misir Mərdanova səs verməyin

Yazı Əlövsət Osmanlıya ithaf olunur

Etibar Əliyev, təhsil eksperti, fəlsəfə doktoru                     

Hörmətli akademiklər! Bildiyimiz kimi, bu il iyun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyünə seçkilər keçiriləcək. AMEA-nın akademiklərinin sırasına 21 akademik, müxbir üzvlərinin sırasına isə 53 müxbir üzv daxil olacaq. Akademiyanın tarixində seçkilər yaddaqalan hadisələr sırasındadır. Bəzən hansısa yanlışlıq uzun illər müzakirə predmetinə çevrilir və bu da Akademiyanın nüfuzuna xələl gətirir.

Belə hallar olub və indi bu cür yanlışlıqlara yol vermək olmaz. Akademiyanın həqiqi və müxbir üzvlüyünə namizədlərin siyahısında keçmiş təhsil naziri Misir Mərdanovun da adını gördüm. O, “Riyaziyyat” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilmək istəyir. Təhsil eksperti və bir alim kimi bu məni xeyli təəccübləndirdi. 

Hörmətli akademiklər!

Misir Mərdanova qətiyyən səs vermək olmaz. Onun akademiyaya müxbir üzv seçilməsi belə bir mühüm təşkilatın nüfuzuna xələl gətirə bilər. Birincisi, məsələnin qanuni tərəfi buna imkan vermir. Azərbaycan Respublikasının Prezidentinin 15 may 2001-ci il tarixli 484 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnamə”sində yazılır:

– Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları seçilirlər:

– Akademiyanın üzvlərinin başlıca vəzifəsi şəxsən apardıqları tədqiqatlar və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.

Misir Mərdanov Ayaz Mütəllibovun hakimiyyəti dövründə Təhsil nazirliyində idarə rəisi, Təhsil nazirinin müavini, Xalq Cəbhəsinin hakimiyyəti dövründə BDU-nun prorektoru, sonra bu ali məktəbin rektoru və 15 il təhsil naziri vəzifəsində çalışıb. O, tutduğu vəzifədən sui-istifadə edərək 14 riyaziyyat və həndəsə dərsliklərinə birinci müəllif kimi adını yazdırıb. Bu “vəsaitlər” dərslik tariximizin ən qüsurlu və qısa ömürlü dərslikləri hesab olunur və müəllimlərin, şagirdlərin tam əksəriyyəti bunlardan imtina ediblər. “Vikipediya”da onun elmi fəaliyyətindən bir cümlə belə yazılmayıb. Bu sayta diqqət etsəniz görərsiniz ki, orada yalnız onun siyasi fəaliyyətinə yer ayrılıb. Riyaziyyatçıların çoxu bildirir ki, onun doktorluq işi də xeyli qüsurludur. Onun yerində kim olsaydı, namizədliyini irəli sürməzdi. Hətta məcbur etsəydilər belə…

Hörmətli akademiklər!

Azərbaycan təhsilinin indiki durumu sizə də bəllidir. Sizin və bizim hamımızın formalaşdığı orta məktəb Mərdanovun nazir işlədiyi dövrdə dağıdılıb. Təhsilin məzmunu aşılanıb, idarəetmə sistemi dağıdılıb, təhsil ocaqları bazara çevrilib. Indi valideynlər Sizlərdən və bizlərdən yaxşı məktəbin harada yerləşdiyini soruşurlar. Biz isə cavab verməyə çətinlik çəkirik. Onun təkcə tələbə köçürmələri ilə ali təhsilə vurduğu yaralar uzun illər sağalmayacaq. Təhsil və elm bir-birindən ayrılmazdır. Təhsil sistemini bərbad vəziyyətə salan bir adam seçilərsə, aparmadığı tədqiqatlar və rəhbərlik etmədiyi elmi tədqiqatlarla elmi necə yeni nailiyyətlərlə zənginləşdirə bilər? Mərhum Heydər Əliyevin təsdiqlədiyi Nizamnamənin kobud şəkildə pozulmasına imkan verməyin!

Hörmətli akademikər!

Məsələnin mənəvi tərəfinə gəldikdə, qeyd edim ki, Misir müəllim seçkiyə qədər bəlkə də hər gün sizin qayğınıza qalmağa çalışacaq. Əhvalınızı soruşacaq, özünüzün, nəvələrinizin, övladlarınızın ad günləri ilə maraqlanacaq, elminizə təriflər yağdıracaq, mənasız xatirələrdən dəm vuracaq və s. Bu, düz seçkiyə qədər davam edəcək. Yəqin ona zaman-zaman dəstək duran tanınmış insanlar haqqında məlumatınız var: Rəhmətlik Faiq Bağırzadəni, Murtuz Ələsgərovu, Qoşqar Əhmədovu, Qurban Bayramovu, Arif Babayevi və digərlərini yada salın. Heç yadımdan çıxmır: Tanınmış riyaziyyatçı Arif Babayevin mərhum oğlu dəyərli dostum Azad Babayevi Mərdanov atasının ölümündən sonra nazirlikdən işdən çıxarmaq istəyirdi. Qınaq olmasayıdı o, bunu mütləq edəcəkdi. Halbuki, o, uzun illər Arif Babayevin mexanika-riyaziyyat fakültəsində müavini olmuşdu. Şahidiyəm, Sovet dövründə dəfələrlə tələbə qəbulunda Misir Mərdanovu məsul katib postuna təyin etdirən mərhum Qurban Bayramov isə onun nazir işlədiyi dövrdə qəbuluna düşə bilmədi.

Hörmətli akademiklər!

Azərbaycanda riyaziyyat elminin görkəmli nümayəndələri olub: Məcid Rəsulov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, Zahid Xəlilov, Fəraməz Maqsudov və başqaları. Onlar dünyasını dəyişsə belə ruhları bizlərlədir. Onların irsinə hörmətlə yanaşmaq üçün seçiminizdə yanılmayın. Bizlərə bəllidir ki, indiki akademiklər də öz elmi və nüfuzu ilə seçilən alimlərdir. Üzvü olduğunuz bu nəhəng qurumun nüfuzunu həmişə qoruyun. Belə olan halda cəmiyyətdə də nüfuzunuzu qoruyub saxlayacaqsınız. Misir Mərdanova səs verməyin…