“Rose Routh” seminarında Qarabağ mövzusu ilə bağlı qalmaqal

Bazar ertəsi NATO Parlament Assambleyasının “Rose Routh”  seminarının səhər iclasında Qarabağ mövzusu azərbaycanlı və erməni deputatlar arasında mübahisəyə səbəb olub.

Turan-ın müxbirinin məlumatına görə, münaqişənin nizamlanması məsələsinin müzakirəsi zamanı Ermənistan nümayəndləri Riçard Kirakosyan və Tevan Poqosyan “işğal” terminindən istifadənin məqbul olmadığını bəyan ediblər. Onların sözlərinə görə, Qarabağda “xalq hərəkatı” və “vətəndaşların öz hüquqlarının pozulmasına qarşı müqaviməti” baş verib, odur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışmaq olmaz.

Onlar həmçinin bildiriblər ki, danışıqlarda Dağlıq Qarabağın iştirakı olmadan nizamlanma mümkün deyil.

Öz növbəsində Ziyafət Əsgərov, Siyavuş Novruzov və Zahid Oruc  bildiriblər ki, Ermənistanın təcavüzə birbaşa aidiyyatı var, erməni tərəfinin məhəl qoymadığı BMT-nin 4 qətnaməsi də bunu göstərir.

Əgər bütün erməni rəhbərliyi Qarabağ separatçılarından ibarətdirsə, əgər Ermənistan Azərbaycanla müharibənin iştirakçılarına pensiya ödəyirsə, necə demək olar ki, Ermənistanın münaqişəyə aidiyyatı yoxdur?

Erməni tərəfinin təcavüzə bəraət qazandırmaq və onu öz müqəddəratını təyin etmək uğrunda mübarizə kimi təqdim etmək cəhdləri münaqişənin həllini dalana dirəyir.

Bundan sonra seminara sədrlik edən Hyu Beyli tərəfləri diskussiyanı “konstruktiv dialoq”a keçirməyə çağırıb.