Vətən uğrunda sağlamlığını itirən qazinin ailəsini mənzilindən çölə atırlar
«Bizə dedilər ki, ölkə başçısının bu işdən xəbəri var, ancaq nə olsun?! Heç bir xeyri yoxdur…»
“Ikinci qrup Qarabağ əliliyəm. 5 il Qarabağda – Çaykənd, Şuşa, Tovuz, Todan uğrunda gedən döyüşlərdə döyüşmüşəm. Təəssüf ki, indi buna qiymət verilməyən dövrdə yaşayıram. Səhhətimlə bağlı arayış belə ala bilmirəm. Bütün bunlar azmış kimi, indi evimə də sahib çıxmağa çalışırlar. Ölkə başçısı Ilham Əliyevə müraciət edib, kömək istəyirəm. Prezident deyib ki, vəzifəsindən sui-istifadə edənlər cəzalandırılmalıdır. Bəs onda Həsən Əliyev niyə cəzalandırılmır?”
Bunu Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 7-də yaşayan ikinci qrup Qarabağ əlili Vahid Rüstəmov “Azadlıq”a ünvanladığı şikayət məktubunda yazır.
Qarabağ qazisi deyir ki, mənzilindən zorla çıxarılacağı halda, vətəndaşlıqdan imtina edəcək. Çünki başqa çıxış yolu qalmayıb: “Bu addıma görə də heç kim məni qınaya bilməz. Çünki vətənim uğrunda yetərincə çalışmışam, döyüşmüşəm. Təəssüf ki, Ilham Əliyevin sərəncamlarına əməl olunmur. Məhkəmə icraçısı Həsən Əliyev mənə deyir ki, ”əlinizdən gələni eləyin, onsuz da səsinizə səs verən olmayacaq”. Mən evdə olmayanda basqın edərək, azyaşlı övladımı qorxudublar. Şəxsiyyət vəsiqəmi aparıblar, bu günə qədər qaytarmırlar. Bununla bağlı rəisə şikayət edəndən sonra Seyfəddin məni yanına çağırıb bunları dedi: “Məndən niyə şikayət edirsən? Həsənin arxasında duran, şikayətlərinizin baxılmasına mane olan Səbail rayonunun prokuroru Şirxan Adıgözəlovdur. Siz hara şikayət edirsinizsə, dərhal Həsən ona məlumat verir. O da dərhal həmin yerlərə zəng edərək, tapşırıq verir. Ona görə biz qorxuruq”. Indi nə edəcəyimizi bilmirik. Ümid yerimiz ölkə başçısıdır”.
Şikayətçi yazır ki, Nərimanov rayonunun icra başçısının müavini Şahlar Ibadovun qəbulunda da olublar: “May ayının 20-də Baş prokuror Zakir Qaralovun müavininin qəbulunda olduq. Bizə dedilər ki, ölkə başçısının bu işdən xəbəri var. Sonra icra başçısının müavini Şahlar Ibadovun qəbulunda olduq. Ona dedik ki, Baş prokurorluqdan bizə Ilham Əliyevin məsələdən xəbərdar olduğunu bildiriblər. Amma yenə heç bir xeyri olmadı. Vəzifədən sui-istifadə edərək, Mənzil Istismar Sahəsinin rəisi Seyfəddinlə birlikdə mənzilimə saxta sənədlər hazırlayıblar. Bu, saxta sənədlər vasitəsilə bizi evimizdən çıxarmaq istəyirlər”.
Qarabağ əlili şikayət məktubunda ailəsinin başına gətirilən müsibətlərdən də söz açıb: “2011-ci il oktyabrın 6-sı heç bir məhkəmə qərarı olmadan Həsən Əliyev evimizi yerlə yeksan etdi. Qonşular xəbər edəndən sonra gəlib gördük ki, evimiz dağıdılıb. Mənzilimizi sökənlərə həyat yoldaşım Ruhiyyə Rüstəmova müqavimət göstərsə də, onlar onu döyərək bətnindəki 5 aylıq körpənin ölümünə səbəb olublar. Oktyabr ayından yanvarın sonuna qədər soyuq havada həyətin ortasında çadırsız yaşadıq. Axırda gördülər ki, soyuqdan öləcəyik, ikiotaqlı ev tikməyə icazə verdilər. Hazırda yaşadığımız ”Montin” qəsəbəsindəki 5 min evin 3 mindən çoxunun sənədi yoxdur. Orada yaşadığımız müddətdən bu günə qədər kommunal xidmət haqqını ödəmişik. Ödədiyimiz xidmətlərin qəbzi bizdədir. Bu, mənzilin bizə aid olmasına sübut deyilmi? Iyunun 17-də bizi evdən çıxaracaqlar. Bizi mənzilimizdən çıxararlarsa, başqa yerə köçə bilməyəcəyik. Bakıda birotaqlı evin kirayəsi 300-400 manatdır. Bizim bu qədər qazancımız yoxdur. Qanuni evimdən çıxarırlar. Heydər Əliyevin bizə bağışladığı 2 sot torpaq da hazırda yaşadığımız ünvanda yerləşir. Əvvəlcə bizdən evdən çıxmağı tələb etdilər, indi də bizim evimizə başqa ailə köçürəcəklərini deyirlər”, – deyə Qarabağ qazisi yazır.
Məktubda yazılanlarla əlaqədar şikayətdə adıçəkilən icra başçısının müavini Şahlar Ibadovla əlaqə saxladıq. O bildirdi ki, məsələyə bu gün ətraflı şəkildə aydınlıq gətirəcək.
Ramin DEKO


