Müsavat Partiyasının gecikən qurultayı partiya daxilində narazılıqların artmasına səbəb olub. Iyunun 28-də qurultayın keçirilməsi ilə bağlı qərar qəbul edilsə də, günlər yaxınlaşdıqca qurultayın növbəti dəfə təxirə salınacağını söyləmək çətin deyil. Artıq partiyada ikitirəlik yaranıb. Bir tərəf qısa zamanda ali tədbirin keçirilməsini istəyirsə, digər tərəf əks mövqedədir.
Qurultayın keçirilməsinin tərəfdarlarından biri, Müsavat başqanının müşaviri, başqanlığa namizəd olacağını əvvəlcədən bəyan edən Səxavət Əlisoydur. O, mətbuata açıqlamada partiyanın əbədi sultanlığa doğru getdiyini bildirib: “Mən zamanında qurultayın keçirilməsi üçün təkliflərimi vermişdim. Bakı Şəhər Icra Hakimiyyəti bizə yer vermirsə, partiyanın strukturlarını iflic vəziyyətində saxlamalı deyilik ki? 800 nəfərlik yer vermir, 500 nəfərlik yerdə keçirək. Bakı Şəhər Icra Hakimiyyəti bizi vadar edəcək ki, biz axırda partiyanın rəhbərliyində müzakirə apararaq, başqanlıq yox, sultanlıq sisteminə keçək, əbədi sultanlıq sistemində fəaliyyət göstərək”- deyə Səxavət Əlisoy bildirib.
Partiya başqanlığına namizədlərdən Divan üzvü Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında Səxavət Əlisoyun fikirlərinə münasibət bildirib: “Səxavət Əlisoyun fikirləri doğru deyil. Sadəcə, qurultayın uzanması bizdən asılı olmayan, hakimiyyətin yaratdığı süni əngəllərdən irəli gəlir. Hakimiyyət həm də partiya daxilində belə narazılıqlar yaransın deyə, bizə qurultayı keçirməkdə mane olur. Belə fikirlər tamamilə səhvdir. Müsavatda heç zaman təkhakimiyyətlilik olmayıb, ola da bilməz. Isa Qəmbər də əbədi başqan olmaq niyyətində deyil”.
İkram İsrafil: «Qurultay olsa da, olmasa da, Səxavət Əlisoy partiyada qalmayacaq»
Divanın digər üzvü, Ikram Israfil isə Səxavət Əlisoyun özünü partiyadan kənar hiss etdiyini bildirib: “Çünki partiya məsuliyyətini özündə hiss edən şəxs partiyaya ziyan gətirəcək fikirlər səsləndirməz. Hər kəs partiya maraqlarından çıxış etməlidir. O, qurultayın keçirilməməsinin səbəblərini çox gözəl bilir… Səxavət Əlisoyun sultanlıq barədə fikirləri partiyaya ikrah hissi ilə yanaşmağın nəticəsidir. Mən düşünürəm ki, qurultay olsa da, olmasa da Səxavət Əlisoy partiyada qalmayacaq. Onun artıq partiyadakı limiti bitib. O, istədiyi fikri söyləyə bilər. Buna önəm vermək lazım deyil. Səxavət Əlisoyun fikirləri də partiyaya olan qərəzinin nəticəsi kimi qiymətləndirirəm”- deyə Ikram Israfil bildirib.
Səxavət Əlisoy: «İkram bəy, səni Sumqayıtdan deputat etdilər… Özü də necə etdiklərini sən də, mən də yaxşı bilirik»
Səxavət Əlisoy haqqında deyilənlərə öz “facebook” səhifəsində cavab verib və Ikram Israfilə ağır ittihamlar səsləndirib.
“Ikram bəy, o fikirlərin müəllifi sən olsaydın, sarkazma görə sənə təşəkkür edərdim. Görünən odur ki, sənin intellektinə sarkazm yaddır. Bir məsələyə münasibət bildirərkən, lütfən diqqətlə oxu, ağlının süzgəcindən keçir, sonra izhar et. Bu sənə tövsiyəm.
Bu gün “Yeni Müsavat”a demisən ki: “Səxavət Əlisoyun sultanlıq barədə fikirləri partiyaya ikrah hissi ilə yanaşmağın nəticəsidir. Mən düşünürəm ki, qurultay olsa da, olmasa da Səxavət Əlisoy partiyada qalmayacaq. Onun artıq partiyadakı limiti bitib”.ÿ
Ikram bəy, sən falçısan, görücüsən, yoxsa ufoloqsan ki, mənim partiyada qalmayacağımı bəyan edirsən? Sən kimsən və hansı səlahiyyətlə mənim partiya üzvlüyümə xitam verirsən?
Mənim Müsavat partiyasında necə fəaliyyət göstərdiyimə nə sən, nə də sənin mənsub olduğun qrupun rəhbərləri qiymət vermək iqtidarında deyil, bu qiyməti yalnız partiya rəhbəri Isa Qəmbər verə bilər. Sən və dostların arxamca hakimiyyətlə əlaqələrimin olduğunu deyirsiniz, bunlar gəlib mənə çatır. Ikram Israfil sən və mən Müsavat Partiyasından Azərbaycan parlamentinə deputatlığa namizəd olmuşuq. Mənim doğulduğum evi dağıtdılıar, 6 nəfər ailə üzvümü vəhşicəsinə döydülər, iki qardaşım ölkəni tərk etmək məcburiyyətində qaldı. Səni isə Sumqayıtdan deputat etdilər. Özü də necə etdiklərini sən də, mən də yaxşı bilirik. Bu da sənə xatırlatmam”.
Akif


