“Məmurlar dövlət torpaqlarını inhisara götürüb”

«Inhisar heç zaman kənd təsərrüfatını inkişaf etdirə bilməz»

«Məmurların son zamanlar yürütdüyü siyasət kiçik fermerləri tədricən sıradan çıxarmağa yönəlib»

Rövşən Ağayev: «Azərbaycanda faktiki olaraq təhkimçilik hüququnun bərpası prosesi gedir»

Azərbaycanda problemli sahələrdən biri də Kənd Təsərrüfatı sektorudur. Son illər bu sahədə problemlər daha qabarıq formada özünü göstərməkdədir. Onların sırasında əsas yerlərdən birini torpaqların suvarması tutur. Kənd təsərrüfatını narahat edən problemlərlə bağlı sualları “Azərbaycan Saatı” proqramının müsahibi Rövşən Ağayev cavablandırıb.

– Kənd təsərrüfatını narahat edən problemlərdən biri də suvarma ilə bağlıdır. Hazırda bölgələrdə yaşanan suvarma probleminin təsadüfi olmadığı deyilir. Azərbaycanın hər yerində olduğu kimi bu sahadə də artıq məmur inhisarçılığı hiss olunmaqdadır. Suvarma üçün nəzərdə tutulan su ehtiyatı kəndlilərə deyil məmurlara məxsus torpaqlara yönəldilir?

– Əslində suvarılan torpaqlarımızın həcmi ümumi kənd təsərrüfatı torpaqlarına baxdıqda o qədər də çox deyil. Kənd təsərrüfatına daxil olan torpaqların dörddə biri suvarılan torpaqlardır. Kənd təsərrüfatına aid torpaqların həcmi bir milyon hektardan bir az artıqdır. Bu torpaqların bir hissəsi suvarılmayan torpaqlardır, onlar təbii yolla iqlimin hesabına suvarılır. Hökumətin rəsmi məlumatlarına görə bizim 1.2 milyon kənd təsərrüfatı torpağımız var. Yəni əslində suvarılan torpaqlar çox da böyük olmadığından bu problem olmamalıdır. Digər tərəfdən Azərbaycanda sovet dövründən qalma suvarma sistemi də mövcuddur. Problem ondadır ki, bu sistem düzgün qurulmayıb. Bu sistem sovet dövründən qalma mərkəzləşdirilmiş bir sistemdir. Əks mərkəzləşdirmə prosesi aparılmadı, regional idarələrin rolu artırılmadı. Ikinci bir məsələ sizin işarə vurduğunuz məqamdır. Suyun “başqa torpaqlara axması” faktı son illər reallığa çevrilib. Iri oliqarx məmurlar və onların ətraflarında olan iqtisadi qruplar kənd təsərrüfatına yararlı bir neçə rayonda xüsusilə “aktivdirlər”. Bərdə, Ağcabədi, Beyləqan, Sabirabad ərazisində bir vaxtlar dövlət ehtiyatında saxlanmış çox böyük torpaqlar var. Həmin torpaqlar bir qrup tərəfindən ciddi şəkildə nəzarətə, inhisara götürülüb. Bu torpaqlar artıq istifadə olunduqca mövcud su resursları çox “pinti şəkildə” bölüşdürülür. Mən nəyə görə “pinti şəkildə” deyirəm, çünki bunu daha səliqəli və sistemli şəkildə etmək mümkündür. Məsələn, hazırda suvarılan torpaqlar elə sovet dövründə də suvarılırdı və bu sistem məhz bu torpaqlar üçün nəzərdə tutulmuşdu. Əgər indi yeni torpaqlar əkirsinizsə, əziyyət çəkib bunun suvarma sistemini də qurun. Bunlar dövriyyəyə yeni torpaqlar cəlb etmək və daha çox camaatın pay torpaqlarına gedən sularından istifadə etmək istəyirlər. Bir məqamı vurğulamaq istəyirəm. Həmin məqam mətbuatın, ictimaiyyətin diqqətindən kənar qalıb. Sovet dövründə istifadə edilməyən və ehtiyatda saxlanılan torpaqları sovet hökuməti tədricən dövriyyəyə cəlb etməyi düşünürdü. Həmin torpaqlar suvarılması məsləhət görülməyən torpaqlar idi. Çünki orada meliorasiya işləri aparılmalı idi. Azərbaycanın müstəqillik dövründə nəzarətsiz bir şəraitdə, məmurlar həmin torpaqları ələ keçirməyə başladılar. Beyləqan- Fizuli -Xocavənd istiqamətində olan torpaqları misal çəkmək istəyirəm. Həmin torpaqlar yararsızdır. Hazırda insanlardan məlumat gəlməyə başlayıb ki, həmin ərazidə torpaqlarda ciddi şoranlaşma yaşanır. Yetmiş il ərzində həmin kəndlərdə kifayət qədər yaxşı təsərrüfat işləri aparılmışdı. Amma hazırda yaşanan proseslərin səbəbi suvarmanın düzgün qurulmamasıdır. Bir tərəfdən su gedib yerinə çatmır. Mən bu yaxınlarda oxudum ki, Sabirabad ərazisində 3000 hektar torpağa su çatmayıb. Bir tərəfdən insanlar su qıtlığı çəksə də, digər tərəfdən bəzi yerlərdə su bolluğu şoranlıq yaradır. Bu, nəzarətsiz idarəetmənin bir nəticəsidir.

“Bəzi həqiqətləri dəyişmək olmaz”

– Bir tərəfdən bu siyasəti inkişaf kimi dəyərləndirsələr də, amma kənd adamı artıq əkib-becərə bilməməyindən istehsalçıdan istehlakçıya çevriləcək. Nəticədə kənd adamı xırda kənd təsərrüfatı məhsullarının belə istehlakçısına çevriləcək…

– Elə həqiqətlər var ki, həmin həqiqətlərin dəyişməsinə heç milyardların da gücü çatmır. Bizim dövlətimizin milyardlarla pulu da olsa onlar bir sıra həqiqətləri dəyişə bilməyəcəklər. Həmin həqiqətlər də ondan ibarətdir ki, elə sahələr var ki, onlar rəqabəti sevir. Həmin sahələrə, xüsusi ilə kənd təsərrüfatını misal göstərmək olar. Inhisar heç zaman kənd təsərrüfatını inkişaf etdirə bilməz. Belə bir deyim var – “dövlət ən pis sahibkardır”. Nəyə görə dövlət sahibkarlığı deyirəm? Çünki məmurlar həmin pulları haradan alırlar? Əlbəttə dövlət pulundan istifadə edirlər. Inhisar kənd təsərrüfatını daha da batıracaq. Elə məmurların da son zamanlar yürütdüyü siyasət ona yönəlib ki, kiçik fermerlər tədricən sıradan çıxsın. Azərbaycanda faktiki olaraq təhkimçilik hüququnun bərpası prosesi gedir. Çalışırlar ki, kiçik fermerlərin əlindəki torpaqlar səmərəsiz qalsın, ondan istifadə edə bilməsinlər. Insanlar da dövlətin ehtiyat torpaqları hesabına məmurların qurduqları iri təsərrüfatlarda gedib çalışsınlar. Bu çox acınacaqlı durumdur. Hazırda Azərbaycan fermerlərinin bu güzəranda olmasının səbəbi 96-99-cu illərdə həyata keçirilən islahatlardır. Zaman gələcək Azərbaycanda nə qədər kobud islahatın getməsinə təəssüflənəcəyik.

– Hansı məqamı nəzərdə tutursunuz?

– Sahibkar üçün istehsal vasitələri ən önəmli məsələdir. Əgər sahibkarın istehsal vasitəsi yoxdursa, o normal sahibkar kimi işləyə bilməyəcək. Əgər istehsal vasitəniz, pulunuz, kapitalınız, texnologiyanız yoxdursa, siz sahibkar deyilsiniz. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların cəmisi 25 faizini fermerlərə veriblər. Yetmiş beş faiz torpaqları isə bələdiyyə fondu kimi saxlayıblar. Bu torpaqlar da məmurların əllərindədir. Indi təsəvvür edin, istehsal vasitələri məmurların əlində olan fermerdən sahibkar ola bilər. Onlar rəqabət aparmaq qabiliyyətindədirlərmi? Maraqlı bir informasiya deyim. Sahibkarlara Yardım Fondunun saytına girin. Son bir ildə kənd təsərrüfatı ilə bağlı on minlərlə layihə verilib. Amma siz ən yaxşı halda 100-150 layihəni görərsiniz. Lakin Salyanın bir kəndindən 6 layihə keçib. Əgər bir kəndə altı layihə düşürsə, deməli, bu, düşünməyə vadar edir. Görünür, burada kimlərinsə marağı var. Salyanın ən yaxşı halda 50-yə yaxın kəndi 5-10 layihə alır. Amma burada bir kəndə altı layihə düşür. Burada mən bir təklif edərdim. Azərbaycanda oliqarxiyanın bir coğrafi xəritəsini tərtib edin. Və dövlət resurslarını da həmin xəritədə yerləşdirin. O zaman siz aydın şəkildə görəcəksiniz ki, Sahibkarlara Yardım Fondu adından getmiş vəsaitlər hansı oliqarxa gedir.

“Məmurlar fermerlərin torpağına göz dikib”

– Azərbaycanın təhkimçilik hüququna doğru getdiyini dediniz. Fermerlər gedib oliqarxların yanında işləyərək buna görə əməkhaqqı alacaqlar. Amma minimum ehtiyac deyilən bir anlayış var. Bu cür işləməklə həmin bu ehtiyac ödənəcəkmi?

– Belə bir siyasətin aparılmasına bir səbəb də onu gətirirlər ki, insanlarımızın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyirik. Bunlar elə düşünürlər ki, indiki şəraitdə nə istehsal edə bilirlərsə etsinlər, edə bilmədiklərin xaricdən idxal edirlər. Bu cür də pul qazanırlar. Məmurlar dövlət xətti ilə Sahibkarlara Dəstək Fondu, Aqrolizinq vasitəsilə nə mümkündürsə, onu götürürlər. Dövlətin balansında olan torpaq sahələrinə sahib olurlar. Hətta imkan olduqca insanların da torpaqlarına göz dikməyə başlayırlar. Hazırda yetmiş beş faiz torpağın məmurların əlində olmasına baxmayaraq, həmin o iyirmi beş faizə də göz dikirlər. Dəfələrlə görünüb ki, məmurlar imkan olduğu yerdə fermerlərdən torpaqlarını alırlar. Yəni faktiki olaraq bunların hədəfi budur ki, mümkün olanı edirlər. Maraqlı bir fakt Gömrük Statistikası ilə bağlıdır. Hakimiyyət kənd təsərrüfatının ölkədə durmadan inkişaf etdiyini deyir. Amma rəsmi rəqəmlərdə göstərilir ki, 2012-ci ildə Azərbaycana 55 min iri heyvan gətirilib. 2013-cü ildə bu rəqəm 130 min iribuynuzlu heyvana qədər artıb. Bu göstərici 2.5 dəfə artıqdır. Indi düşünülə bilər ki, ölkəyə cins mallar gətiriblər. Cins malların sayı 44 mindir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan ət idxalından asılıdır. Gürcüstan və başqa ölkələrdən Azərbaycana iri həcmdə ət idxal olunur. Bu qədər inkişafın müqabilində bu göstəricilər nə deməkdir? Bizim hesablamalarımıza görə, Azərbaycan ən pis halda kənd təsərrüfatı məhsullarına olan daxili tələbatı 60 faiz ödəyə bilər. Hökumət buğda istehsalına böyük pullar xərcləyir. Amma biz buğda tələbatımızın 50 faizini xaricdən idxal edirik. Əgər hakimiyyətin verdiyi subsidiyanın əhəmiyyəti varsa, rəsmi rəqəmlər nəyi gözləyir? Necə olur ki, hökumət subsidiya verən zaman taxıl əkini 30 faiz artdı. Amma 2009-cu il illə müqayisədə 2013-cü ildə bu göstərici 30 faiz azaldı. Deməli, subsidiyanın heç bir səmərəsi yoxdur. Hakimiyyət əgər strateji bir qərar verirsə və görürsə ki, onun nəticəsi yoxdur, deməli yanaşma doğru deyil, onu dəyişdirmək lazımdır. Hakimiyyətin verdiyi subsidiyaların içində elələri var ki, bir rayonun subsidiya məbləği qədər subsidiya alıb. Burada müxtəlif məqamlar var. Idxaldan asılılığın bir göstəricisini sizə deyim. Dünya təcrübəsi göstərir ki, bir hektar torpaq 3.5 nəfəri saxlamaq qabiliyyətindədir. Azərbaycanın 4 min hektar torpağı var. Bu göstərici beynəlxalq standartlar çərçivəsində 14 milyon şəxsi doydurmalı idi. Amma biz cəmi altı milyonu doydururuq. Baxmayaraq potensialımızda hələ 8 milyon insan var. Sadəcə olaraq bunlara inhisarlar icazə vermir. Il ərzində hər bir insan 500 dollarlıq kənd təsərrüfatı məhsulu yeyir. Səkkiz milyonu 500 dollara vuran zaman acınacaqlı durum yaranır. Deməli, bizim fermerlərimiz normal hökumət olsa, biz öz tələbatımızı ödəməklə yanaşı xarici dövlətlər üçün də ərzaq sata bilərik. Bu bir daha onu göstərir ki, Azəröbaycanda normal idarəçilik yoxdur. Məmur inhisarı kənd təsərrüfatını irəliyə aparmır.

Seymur Həzi, Xəyal Şahinoğlu