Əliyev Türkiyədən nələri öyrənməlidir?

Qardaş Türkiyə prezident seçkilərinə hazırlaşır. Seçki ilə bağlı yayılan xəbərlər, qəbul edilmiş qərarlar sadə Azərbaycan vətəndaşını təəccübləndirməyə bilməz.

Belə ki, Türkiyə Ali Seçki Komissiyası prezident Abdulla Gülə bəzi qadağalar qoyub. Türkiyə mətbuatının yazdığı  məlumata görə, əgər Abdulla Gül yenidən prezidenliyə namizəd olsa, o öz vəzifə səlahiyyətlərindən istifadə edə bilməyəcək. O, seçkiqabağı təbliğat və təşviqat zamanı açılışlarda və təməlatma mərasimlərində iştirak edə bilməyəcək. Eləcə də seçki təbliğatı zamanı ölkədaxili səfərlərində xidməti avtomobil və təyyarədən istifadə edə bilməyəcək. Eyni zamanda rəsmi şəxsləri qarşılama, yola salmada iştirak edə bilməz və rəsmi mərasimlər təşkil edə bilməz.

Bizim hakimiyyətdə təmsil olunanların düşüncəsinə görə, Türkiyə geridəqalmış ölkədir və prezidentin sözünün kəsəri yoxdur.

Təsəvvür edin ki, bizim MSK Ilham Əliyevə bəzi qadağalar qoyub və həmin qadağalar Abdullah Gülə tətbiq edilənlərdi. 

Deyəsən, təsəvvürlərinizi məcbur edə bilmədiniz.

Əgər, bunu təsəvvür etmək bu qədər çətindirsə, gərək qardaş Türkiyə bizdən öyrənsin. Abdullah Gül vaxt itirmədən maaşları 50 lirə artırmalı, hər gün bir obyektin lentini kəsməli, televiziyaları müxalifətin üzünə qapamalı, Kılıcdaroğlunu, Bahçalını “vətən xaini”, “ünsür” adlandırmalıdır. Daha sonra əyalətlərə səfər etməli və əvvəlcədən öyrədilmiş “zəhmətkeş”lərin tərif yağışı altında feyziyab olmalıdır. Bundan sonra prezidentin ehtiyat fondundan pul ayırıb (deyəsən Türkiyə belə bir fondu da yarada bilməyib) sənət adamlarına, elm adamlarına 500-1000 lirə pul bağışlamalıdı. Təbii ki, bütün bu “kampaniya” əvvəlki hakimiyyəti lənətləmək fonunda baş verməlidir. Seçki günü isə, seçki qutularına topa-topa bülleten atıb qalib gəlməli və gizli inauqurasiya keçirməlidir. Bütün bunlardan sonra isə, “bizim öz yolumuz var”, “Türkiyə analoqsuz inkişaf edir” kimi şüarlardan yararlanmalıdır. Sonra 1 ay həsrətlə, dünyadan gələn təbrikləri gözləməlidir.

Təbii ki, nə Abdullah Gül, nə də Türkiyə xalqı bu saxtakarlığa boyun əyməz. Düzdür, Abdullah Gül hələ namizədliyini irəli sürməyib və bəlkə də seçkilərdə iştirak etmədi. Ancaq, seçkilərdə iştiraka qərar verərsə, şübhəsiz  qadağalara əməl edəcək.

Paradoks orasındadır ki, demokratik dəyərlərə hörmətlə yanaşan, xalqın iradəsinə tabe olan Türkiyə hakimiyyəti, Azərbaycandakı saxtakarlığa müsbət rəy verir. Belə ki, bugünə qədər keçirilən seçkilərdə inkaredilməz saxtakarlıq faktları qeydə alınsa da, son prezident seçkilərini  beynəlxalq təşkilatlar mənfi qiymətləndirsə də, Türkiyədən olan müşahidəçilər və Türkiyə hakimiyyəti seçkini tanıdı.

Yaxşı olar ki, Türkiyə hakimiyyəti Azərbaycandakı seçkilərə də prinsipial münasibət bildirsin və demokratiyanın heç bir ölkənin daxili işi olmadığını təsdiqləsin.

Akif