Tanınmış jurnalistin səhhətindəki problemlər hər ötən gün daha da ağırlaşır
“Mənim müraciətlərimə nə «yox», nə də «hə» cavabı verilir»
Tanınmış jurnalist, Milli Şuranın üzvü, «Xalq» qəzetinin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun səhhətindəki problemlər kəskinləşməkdədir. 2013-cü ilin sonundan səhhətiylə bağlı ciddi problemlər yaşayan M.İsmayıloğlunun müalicə üçün maddi imkanının olmaması durumunu bir qədər qəlizləşdirib: «Öncə səhhətimdəki problemlərin qripin fəsadı olduğunu düşündüm. Amma zaman ötdükcə səhhətim daha da pisləşdi. Nəticədə məlum oldu ki, mənim sağ böyrəyimdə ciddi problemlər var. Səhəttimin bir qədər pisləşməsi Azərbaycanda xəstəliyimə dəqiq diaqnoz qoyulmaması idi. Əvvəlcə mənə hətta xərçəng diaqnozu belə qoyulmuşdu. Nəhayyət mən böyük çətinliklər hesabına Türkiyəyə getdim. Orada artıq mənə dəqiq diaqnoz qoydular ki, mən əməliyyat olunmalıyam və sağ böyrəyim götürülməlidir. Əməliyyata on min manat pul tələb olunurdu».
Yenidən Bakıya qayıdan M.İsmayıloğlu əməliyyat olunması üçün yardım edilməsi məqsədilə bir neçə dəfə Mətbuat Şurasının sədri Əflatun Amaşova, Prezident Administrasiyasının şöbə müdri Əli Həsənova müraciət edib. Amma M.İsmayıloğlu yalnız bu ilin martın sonuna doğru Ə.Həsənovla danışmağa nail olub. Ə.Həsənov M.İsmayıloğlunu dinlədikdən sonra dövlət başçısının ölkədə olmadığını söyləyib və bildirib ki, o, müəyyən yerlərdən borc edərək səhhətindəki problemi həll etsin. M.İsmayıloğluya söz verilib ki, onun səhhətindəki problem diqqətdə saxlanılacaq: «Əli Həsənov mənə dedi ki, borc-xərc tap və əməliyyatı et. Sən qayıdandan sonra biz sənə yardım edəcəyik. Əməliyyatın plunun 4400 manatını qohumlar düzəltdilər. Yerdə qalan 5600 manat vəsaiti isə mənə dar günü üçün vəsait yığan, kasıb həyat tərzi sürən bir kəsdən aldım. Geri döndükdən sonra dəfələrlə Əflatun Amaşov və Əli Həsənova zəng etsəm də, heç bir zəngimə cavab verilmədi. Halbuki Əflatun Amaşov da bu məsələni diqqətdə saxlayacağını bəyan etmişdi. Ramiz Mehdiyevin də qəbul otağına zəng etmişəm, amma mənə cavab verən olmayıb. Xeyirxahlıq yaxşı əməldir. Üç yaşlı uşağa, səksən yaşlı şairə, leykoz xəstəsi olan jurnalistə də xeyirxahlıq etmək olar. Amma mənim üçün qəribədir. Çəkinmədən söyləyirəm Azərbaycan mətbuatı üçün bu qədər xidmətləri olan bir şəxsin səsi niyə eşidilmir? Mənim bu ölkə üçün əməyim az olubmu?. Bunun üçün bir çəki və tərəzi yoxdur. Amma hər hansı bir jurnalistin müalicə olunması 100 min manat ayrılırsa, eyni diqqət mənə niyə göstərilmir».
M.İsmayıloğlunun sözlərinə görə, Türkiyədə əməliyyatdan sonra həkimlər onun qarşısında qəti şərt qoydular ki, bu ilin aprelin sonuna qədər onun sol böyrəyinə zond qoyulmalıdır: «Hazırda mən faciəvi bir aqibətlə üz-üzəyəm. Mənə dedilər ki, ən geci 3 həftəyə, yəni aprelin sonuna qədər yenidən Türkiyəyə dönməliyəm Çünki mənim sol böyrəyim ən yaxşı halda 65 faiz işləyir. Sol böyrəyimin normal işləməsi üçün ona zond qoyulmalıdır. Bu əməliyyat və müalicə də təxminən 12 min manat vəsait tələb edir. Amma qəribədir ki, mənim müraciətlərimə nə «yox», nə də «hə» cavabı verilir. Sabirin gözəl bir sözü var: Daşa deyirəsn sonra verir əksi-səda, daşa dönmüşləri kar etmir fəryadım. Mənə hazırda «yox» deyən hər bir kəs 1995-ci ilin sentyabrın 8-də Heydər Əliyevin «91»lərlə görüşündə söylədiyi sözləri xatırlasın. Nadir hadisələrdən biridir. Orada Heydər Əliyev deyir ki, mən sağlığımda gördüyüm iki böyük xeyirxahlığa görə iki nəfərə minətdaram. Biri qətlə yetirilən Əjdər Xanbabayevdir. Daha böyük xeyirxahlıq gördüyüm insan kisə Mahal İsmayıloğludur. Necə oldu ki, neft zəngini olan bir ölkədə jurnalistin fəryadı eşidilmir?».
Ona bu cür yanaşmanın siyasi mövqeyilə bağlı ola biləcəyinə gəlincə isə M.İsmayıloğlu bildirdi ki, bu qarşı tərəfin yaranan situasiyanı necə dəyərləndirməsindən asılıdır: «Mən xalqıma xəyanət etməmişəm. Onun bütün arzu, istəklərinin gerçəkləşməsi üçün hər şeyi etmişəm. Hazırda mənə mənəvi dəstək də yoxdur. Mən demokratik mətbuat nümayəndərinə, tariximizi unutmayan insanlara müraciət edirəm ki, heç olmasa mənə maddi yox, mənəvi dəstək olsunlar».
Xəyal


